Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda Vətən müharibəsi şəhidi Murad Elşən oğlu Məmmədovun əziz xatirəsi yad edilib

25 sentyabr 2022 | 16:30

25  sentyabr 2022-ci il tarixində Vətən müharibəsi şəhidi Murad Elşən oğlu Məmmədovun doğum günü ilə əlaqədar şəhidin Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında məzarı ziyarət edilib, ruhuna dualar oxunub.

Sonra şəhidin yaşamış olduğu binanın qarşısındakı abidənin önündə xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, şəhid Murad Məmmədovun oxuduğu 272 nömrəli tam orta məktəbin direktoru Safura Rəhimova, şəhid Murad Məmmədovun müəlliməsi olmuş Mehriban Musayeva, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və başqaları Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərdən və Azərbaycan hərbçilərinin heyrətamiz qəhrəmanlığından söhbət açıblar.

Çıxışlarda 2020-ci ilin payızında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun yağı düşmən üzərində Zəfərinin ölkəmizin tarixinə qızıl hərflərlə əbədi həkk olunduğu vurğulanıb. Qəhrəmancasına döyüşən, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin dərin ehtiramla yad edildiyi, onların əziz xatirəsinin uca tutulduğu ifadə olunub. Əlavə olunub ki, 24 illik qısa ömür yoluna böyük qəhrəmanlıq salnaməsini sığdıran Murad Məmmədovun əziz xatirəsi əbədi olaraq qəlbimizdə və tariximizdə yaşayacaq.

Şəhid Murad Məmmədovun ailə üzvləri adından çıxış edən anası Şərqiyyə Məmmədova, həmçinin döyüş yoldaşları şəhid ilə bağlı xatirələrini bölüşüb, bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb, şəhidlərin ailə üzvlərinə, qazilərə, müharibə veteranlarına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Tədbirdə məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Xatırladaq ki, Murad Məmmədov 2020-ci il oktyabrın 15-də Hadrut döyüşləri zamanı şəhid olub. Murad Məmmədov Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Keçidlər