Nizami rayonunda Vətən müharibəsi şəhidi Natiq Əhmədovun adına küçənin açılışı olub
9 may 2023-cü il tarixində Nizami rayonunda Vətən müharibəsinin şəhidi Natiq Namiq oğlu Əhmədovun adını daşıyan küçənin açılış mərasimi olub.
Qeyd edək ki, Elşən Süleymanov küçəsindən başlayan Naxçıvanski küçəsi ilə kəsişən və Bəhruz Nuriyev küçəsinə qədər olan adsız küçə Natiq Əhmədov küçəsi adlandırılmışdır.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, şəhidin ailə üzvləri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış mərasimində çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov Azərbaycanın möhtəşəm qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsində ordumuzun qazandığı qələbədən, tarixi torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə Azərbaycan oğullarının göstərdiyi qəhrəmanlıqdan danışıb. Ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparanların, şəhid olanların dövlət tərəfindən unudulmadığını, onlara və ailələrinə hər zaman həssaslıqla yanaşıldığını, diqqət və qayğı göstərildiyini bildirib.
Daha sonra çıxış edən şəhidin ailə üzvləri və yoldaşları onun qəhrəmanlığından, vətənpərvərliyindən söz açıblar, onunla bağlı xatirələrini bölüşüblər.
Qeyd edək ki, Natiq Əhmədov Füzuli rayonunun və Hadrud qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, 11 oktyabr 2020-ci il tarixində Hadrut döyüşləri zamanı şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.