Nizami rayonunda Vətən müharibəsi şəhidi Nicat Əhmədovun əziz xatirəsi yad edilib
22 sentyabr 2022-ci il tarixində Vətən müharibəsinin şəhidi Nicat Həsən oğlu Əhmədovun doğum günündə əziz xatirəsi yad olunub. Bununla əlaqədar Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri şəhidin Keşlə qəsəbəsi Şəhidlər Xiyabanındakı məzarını ziyarət edib, önünə gül dəstələri qoyub, ruhuna dualar oxuyublar. Məzarin önündə şagirdlər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriliblər.
Sonra Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatında şəhidin xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himinin səsələndirildikdən sonra ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, YAP Mərkəzi Aparatının Siyasi təhlil, maarifləndirmə və seçkilərlə əlaqədar iş şöbəsinin müdir müavini Asif İmaməliyev, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, şəhid Nicat Əhmədovun oxuduğu 229 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini, şəhid yoldaşı Əminə Kərimova, şəhid Nicat Əhmədovun müəlliməsi olmuş Nərgiz Məmmədova və başqaları Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərdən və Azərbaycan hərbçilərinin heyrətamiz qəhrəmanlığından söhbət açıblar.
Çıxışlarda 2020-ci ilin payızında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun yağı düşmən üzərində Zəfərinin ölkəmizin tarixinə qızıl hərflərlə əbədi həkk olunduğu vurğulanıb. Qəhrəmancasına döyüşən, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin dərin ehtiramla yad edildiyi, onların əziz xatirəsinin uca tutulduğu ifadə olunub.
Şəhid Nicat Əhmədovun ailə üzvləri adından çıxış edən bacısı Lalə Əhmədova qardaşı ilə bağlı xatirələrini bölüşüb, bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb, şəhidlərin ailə üzvlərinə, qazilərə, müharibə veteranlarına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.
Tədbirdə məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
Xatırladaq ki, 2020-ci il oktyabrın 8-də Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Nicat Həsən oğlu Əhmədov Prezident İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.