Nizami rayonunda Vətən müharibəsi şəhidi Oktay Ağabəyovun doğum günündə əziz xatirəsi yad edilib
22 noyabr 2022-ci il tarixində Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatında Vətən müharibəsi şəhidi Oktay Ağabəyovun xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və başqaları tədbirdə çıxış edərək, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərdən və Azərbaycan hərbçilərinin heyrətamiz qəhrəmanlığından söhbət açıblar.
Çıxışlarda 2020-ci ilin payızında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun yağı düşmən üzərində Zəfərinin ölkəmizin tarixinə qızıl hərflərlə əbədi həkk olunduğu vurğulanıb. Qəhrəmancasına döyüşən, işğaldan azad edilən torpaqlarımızda Azərbaycan bayrağını dalğalandıran, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin dərin ehtiramla yad edildiyi, onların əziz xatirəsinin uca tutulduğu ifadə olunub.
Şəhid Oktay Ağabəyovun döyüş yoldaşları Xəqani Orucov və Elçin Allahverdiyev şəhidin döyüş yolundan danışıb, onunla bağı xatirələrini bölüşüblər.
Şəhidin anası Əlvadə xanım Ağabəyova da oğlu ilə bağlı xatirələrini bölüşüb, bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb, şəhidlərin ailə üzvlərinə, qazilərə, müharibə veteranlarına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib.