Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda Vətən müharibəsi şəhidi Vüqar Cəfərovun əziz xatirəsinə inşa edilmiş bulaq kompleksinin açılış mərasimi olub

05 oktyabr 2022 | 17:24

05 oktyabr 2022-ci il tarixində II Fəxri Xiyabanda Vətən müharibəsi şəhidi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olmuş Cəfərov Vüqar İnşallah oğlunun məzarı ziyarət edilib.

Anım mərasimində şəhidin ailə üzvləri, döyüş yoldaşları, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev, RİHBA-nın məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Nizami bələdiyyəsinin sədri Vüqar Quliyev  və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.

Sonra Vətən müharibəsi şəhidi Vüqar İnşallah oğlu Cəfərovun yaşamış olduğu binanın önündə əziz xatirəsinə inşa edilmiş bulaq kompleksinin açılış mərasimi keçirilib.

Mərasimdə çıxış edən Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən danışıblar.

Şəhidin atası İnşallah Cəfərov çıxış edərək onunla bağlı xatirələrini bölüşüb. Həmçinin, şəhidlərin ailə üzvlərinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.

Çıxışlardan sonra bulağın açılışı olub, mərasim iştirakçıları abidənin önünə gül dəstələri düzüblər. Mərasimdə şəhidin oxuduğu 70 saylı məktəb-liseyin şagirdlərinin hazırladıqları vətənpərvərlik şeirləri səsləndirilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Vüqar Cəfərov 5 oktyabr 2020-ci il tarixində Cəbrayıl istiqamətində  gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

Keçidlər