Nizami rayonunda Vətən müharibəsi şəhidləri Anar Qumaşov və leytenant Teymur Məcidzadənin doğum günlərində əziz xatirələri yad edilib
10 oktyabr 2022-ci il tarixində YAP Nizami rayon təşkilatında Vətən müharibəsi şəhidləri Qumaşov Anar Saleh oğlu və leytenant Məcidzadə Teymur Tehran oğlunun xatirələrinə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, şəhid Anar Qumaşovun oxuduğu 238 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Rühəngiz Heydərova, şəhid Teymur Məcidzadənin məzunu olduğu Azərbaycan Dövlət İqtisad Universitetinin "İqtisadiyyat və idarəetmə" fakültəsinin dekan müavini Zeynəb Qiyasova və başqaları çıxış ediblər.
Şəhid Anar Qumaşovun ailə üzvü Sevda Qumaşova və şəhid Teymur Məcidzadənin anası Yasəmən Camalova çıxış edərək xatirələrini bölüşüb, bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb, şəhidlərin ailə üzvlərinə, qazilərə, müharibə veteranlarına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.
Tədbirdə şəhid ailələrinin üzvlərinə təşəkkür mərasimi olub, məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.