Nizami rayonunda voleybol turniri keçirilib
Müasir dövrdə dünyanın bir sıra ölkələrində olduğu kimi, Azərbaycanda da insanların daha çox oturaq həyat tərzi keçirməsi əhalinin sağlamlığına və qeyri-infeksion xəstəliklərin inkişafına təsir edən əsas amillərdən biridir.
“Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair 2015-2020-ci illər üzrə Strategiya”nın məqsədi Azərbaycanda həyata keçirilən birgə və inteqrasiya olunmuş tədbirlər vasitəsilə əhalinin sağlamlığının yaxşılaşdırılmasına, o cümlədən qeyri-infeksion xəstəlikləri ilə bağlı vaxtından əvvəl ölüm hallarının mümkün qədər azaldılmasına nail olmaq, iş yerləri üçün fiziki aktivlik proqramları təşviq etmək, işçilər arasında fiziki aktivliyi və sağlam həyat tərzini təbliğ etməkdir.
26 aprel 2023-cü il tarixində 109 nömrəli tam orta məktəbdə “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair 2015-2020-ci illər üzrə Strategiya”sı çərçivəsində Nizami Rayon İcra Hakimiyyəti, Rayon Gənclər və İdman İdarəsi, Dövlət idarələri və İctimai xidmət işçiləri həmkarlar ittifaqının Nizami rayon komitəsinin birgə təşkilatçılığı ilə Nizami rayon müəssisələri arasında voleybol üzrə rayon turniri keçirilib.
Turnirin rəsmi hissəsində sağlam qidalanma və fiziki aktiv həyat tərzinin gənc nəslin inkişafında vacib rol oynadığı, fiziki aktivliyin təbliğinin, bir çox xəstəliklərin əsas risk faktoru olan fiziki passivlikdən uzaq olmağın vacibliyi vurğulanıb. Qeyri-sağlam qidalanmanın artıq çəkinin artmasına səbəb olduğu və qeyri-infeksion xəstəliklərin yaranmasına təkan verdiyi bildirilib və mütəmadi fiziki aktivliyin bir çox xəstəliklərin qarşısını aldığı vurğulanıb. Eyni zamanda, sağlamlıq naminə fiziki aktivliyin vərdişə çevrilməsinin vacibliyi nəzərə çatdırılıb.