Nizami rayonunda Xocalı sakinləri ilə görüş keçirilib
24 fevral tarixində Nizami Rayon İcra Hakimiyyətində Xocalı faciəsinin 31-ci ildönümü ilə əlaqədar rayonda məskunlaşmış Xocalı sakinləri ilə görüş keçirilib.
İlk öncə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin, eləcə də Xocalı qurbanların əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov çıxış edərək bildirib ki, Xocalı faciəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli səhifəsidir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni-daşnak silahlı qüvvələri və keçmiş sovet 366-cı motoatıcı alayı Xocalıya hücum etmiş, misli görünməmiş qəddarlıqlarla və amansızcasına qətliam törətmişdir. Bu kütləvi qırğın nəticəsində 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 dinc sakin qətlə yetirilmiş, 1275 nəfər isə əsir götürülmüşdü. Onlardan 150-nin taleyi hələ də məlum deyil. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən isə 76-sı uşaq idi.
Müstəqil milli dövlət quruculuğu yoluna qədəm qoyan Azərbaycanın o vaxtkı rəhbərliyi tərəfindən göstərilən acizlik və susqunluq nəticəsində Xocalı faciəsinə anında siyasi qiymət verilməyib, Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında əməli heç bir iş görülməyib və buna ümumiyyətlə səy də göstərilməyib. Əksinə ermənilər xaricdəki imkanlarından istifadə edərək dünya birliyinə Xocalı soyqırımı haqqında təhrif olunmuş məlumatlar çatdırmağa çalışmış və buna müəyyən mənada müvəffəq olmuşlar.
Yalnız 1993-cü ildə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə əsrin bu böyük faciəsinə dövlət tərəfindən ilk dəfə siyasi qiymət verilib, Milli Məclisin 1994-cü il 24 fevral qərarı ilə fevralın 26-sı “Xocalı soyqırımı günü” elan edilib, dünya parlamentlərinə və beynəlxalq təşkilatlara Xocalı soyqırımı ilə bağlı müraciət olunub.
Ulu öndər Heydər Əliyevin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il fevralın 25-də imzaladığı Sərəncamla isə hər il fevral ayının 26-sı saat 17:00-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur.
Çıxışda qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq aləmdə Xocalı soyqırımının tanıdılması istiqamətində məqsədəmüvafiq işlər həyata keçirilib və bununla bağlı tədbirlər bu gün də ardıcıl olaraq davam etdirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondu tərəfindən 2008-ci ildə “Xocalıya ədalət” Beynəlxalq İnformasiya və Təşviqat Kampaniyasının təsis edilməsi atılan mühüm addımlardandır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2009-cu ildən keçirilən “Xocalıya Ədalət” beynəlxalq maarifləndirmə kampaniyası ermənilərin cinayətkar əməllərinin ifşa olunmasında müstəsna rola malikdir. Azərbaycan dövlətinin apardığı uğurlu xarici siyasət nəticəsində bir sıra dünya dövlətləri də artıq ermənilərin törətdikləri bu qətliamı soyqırım kimi tanıyıb və bununla bağlı qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul ediblər.
Xüsusi olaraq vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və müzəffər Ordumuzun şücaəti sayəsində 2020-ci il Vətən müharibəsində erməni qəsbkarlarına ağır bir zərbə vuruldu, əzəli torpaqlarımız düşmən işğalından azad oldu. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman oğullarımız Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Əminik ki, cənab Prezidentimizin böyük siyasəti və qalib Ordumuzun gücü və qüdrəti sayəsində tezliklə Xocalıda da müqəddəs üçrəngli bayrağımız dalğalanacaqdır.
Görüşdə həmçinin YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və rayonun fəal gənci Əli Babazadə çıxış ediblər. Çıxışlarda bildirilib ki, dövlət başçısının göstərişi ilə Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün bir sıra mühüm tədbirlər həyata keçirilib. Bakıda, respublikamızın bir sıra bölgələrində, həmçinin xaricdəki diasporlarımızın maddi və mənəvi dəstəyi ilə dünyanın əksər ölkələrinin paytaxtlarında Xocalı şəhidlərinin xatirəsinə abidələr ucaldılıb. Bakıda 2008-ci ildə Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış “Ana harayı” abidəsi öz möhtəşəmliyi ilə seçilir. Bu abidə Xocalı şəhidlərinin müqəddəs ruhuna hörmət və ehtiramın bariz nümunəsidir. Hər il Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı Xocalı soyqırımının ildönümü ilə əlaqədar “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir, xalqımız Xocalı şəhidlərinə öz dərin ehtiramını bildirir.
Xocalı sakinləri adından Hörmət Qasımov çıxış edərək dövlətimiz tərəfindən onlara göstərilən böyük qayğı və diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib.
Tədbirdə Xocalı ailələrinə Rayon İcra Hakimiyyəti tərəfindən maddi köməklik göstərilib.