Nizami rayonunda yeni tədris ilinin başlanması ilə əlaqədar tədbirlər keçirilib
Nizami rayonunun tədris müəssisələrində qonaqların, ictimaiyyət nümayəndələrinin, məktəblərin pedaqoji kollektivlərinin, şagird və valideynlərin iştirakı ilə 15 sentyabr – Bilik Günü münasibətilə tədbirlər keçirilib.
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov 10 nömrəli tam orta məktəbdə təşkil olunan tədbirdə iştirak edib.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı yeni tədris ilinin başlanması, 15 sentyabr – Bilik Günü münasibətilə məktəbin rəhbərliyini, şagird və müəllim kollektivini, həmçinin Vətən müharibəsi şəhidi, “Azərbaycan bayrağı” ordenli mayor İlkin Rzayevin övladı Əli Rzayevin timsalında məktəbin birinci sinfində təhsilə başlayacaq şagirdləri və onların ailə üzvlərini təbrik edib, onlara yeni tədris ilində uğurlar diləyib.
Qeyd olunub ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik siyasəti nəticəsində əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və xalqımızın gələcəyinə hesablanmış Milli Təhsil Sistemi yeni inkişaf dövrünü yaşayır. Dövlət başçısının yüksək diqqəti və məqsədyönlü göstərişləri sayəsində ölkəmizdə zamanın çağırışlarına cavab verən və beynəlxalq standartlara uyğun milli təhsil sistemi yaradılmış, yüksək səviyyəli təhsil infrastrukturu formalaşdırılmış, təhsilin məzmun, forma və keyfiyyətcə yeniləşdirilməsinə xidmət göstərən dövlət proqramları qəbul edilmişdir.
Təhsil sisteminin inkişafı istiqamətində atılan addımlar, həyata keçirilən çoxşaxəli layihələr, icra edilən dövlət proqramları bu gün öz bəhrələrini verir və keyfiyyətcə yeni inkişaf meyillərinin əldə edilməsi, yüksək nəticələrin qazanılması bunun real göstəricisidir.
Eyni zamanda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondu tərəfindən “Yeniləşən Azərbaycana yeni məktəb” və “Təhsilə dəstək” layihələri çərçivəsində həyata keçirilən tədbirlər Azərbaycan təhsilinin davamlı inkişafına böyük töhfələr verir.
Xüsusilə vurğulanıb ki, ölkəmizin bütün təhsil müəssisələrində olduğu kimi bu gün işğaldan azad olunmuş ərazilərdə də yeni istifadəyə verilmiş məktəblərdə Bilik Günü münasibətilə tədbirlərin keçirilməsi, eyni zamanda Xankəndidə Qarabağ Universitetinin fəaliyyətə başlaması xalqımıza qürurverici anlar və böyük fəxarət hissləri yaşadır.
Tədbirdə məktəblilərin ifasında kompozisiya nümayiş olunub, yeni tədris ilinin başlanmasını bildirən rəmz – ilk zəng çalındıqdan sonra birincilər siniflərə yola salınıb.
Rayon İcra Hakimiyyətinin başçısı Əli Rzayevin təhsil aldığı siniflə tanış olub, onunla səmimi söhbət edib və təhsilində uğurlar arzulayıb.