Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda yüksək bal toplayan tələbələrlə görüş keçirilib

12 sentyabr 2024 | 14:15

Nizami Rayon İcra Hakimiyyətində qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adını qazanan məzunlarla görüş keçirilib.

Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, tələbə adını qazanmış məzunlar iştirak ediblər.

Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, 220 saylı məktəb-liseyin direktoru Lətifə Əzimova, 62 saylı məktəb-liseyin tarix müəllimi Gülnar Hüseynova  çıxış edərək Bilik günü, yeni dərs ilinin başlanması münasibətilə tədbir iştirakçılarını təbrik edib, yüksək bal toplayaraq ali təhsil müəssisələrinə qəbul olmuş tələbələrə uğurlar, onlara gələcəkdə daha da yüksək nailiyyətlər əldə etməyi, savadlı kadrlar kimi yetişməyi, dövlətə və millətə layiqli vətəndaş olmağı arzulayıblar.

Qeyd olunub ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və xalqımızın gələcəyinə hesablanmış Milli Təhsil strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik siyasəti nəticəsində müasir tələblərə cavab verməklə yeni inkişaf dövrünü yaşayır, təhsilin forma və məzmunca dəyişdirilməsi, keyfiyyətinin artırılması və onun dünya təhsil sisteminə inteqrasiya olunması istiqamətində respublikamızda çoxşaxəli layihələr həyata keçirilir. Eyni zamanda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondu tərəfindən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində həyata keçirilən tədbirlər Azərbaycan təhsilinin davamlı inkişafına böyük töhfələr verir.

Xüsusilə vurğulanıb ki, bu gün işğaldan azad olunmuş ərazilərdə yeni məktəblərin istifadəyə verilməsini, yeni tədris müəssisələrinin tikintisinin böyük sürətlə davam etdirilməsini, eyni zamanda Qarabağ Universitetinin fəaliyyətə başlamasını xalqımız qürurverici anlar və böyük fəxarət hissləri ilə qarşılayır.

Çıxışlarda həmçinin 2023/2024-cü təhsil ilində Nizami rayonunun məktəbləri üzrə qazanılmış nailiyyətlər barədə məlumatlar verilib və bildirilib ki,  IX siniflər üzrə buraxılışın nəticələrinə görə Nizami rayonu şəhər üzrə birinci, XI siniflər üzrə isə ikinci yeri tutub. Rayonun tam orta məktəbləri və liseyləri üzrə XI sinfi 2400 nəfər bitirib, onlardan 2262 nəfəri qəbul imtahanlarında iştirak edib. Qəbul imtahanlarında iştirak edən məzunlardan 1741 nəfəri tələbə adını qazanıb.  Ali məktəblərə qəbul olunan məzunlardan 114 nəfəri 600-dən yuxarı bal toplayıb, onlardan da 28 nəfərinin nəticələri 650-dən yüksək olub.

Görüşdə qəbul imtahanlarında yüksək bal toplayaraq ali məktəblərə qəbul olmuş tələbələr adından 70 saylı məktəb-liseyin məzunu Nicat Məmmədəliyev və 229 saylı məktəbin məzunu Firəngiz Hacıyeva çıxış edərək təhsil sahəsinə göstərilən böyük qayğı və diqqətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya səmimi təşəkkürlərini və dərin minnətdarlığını çatdırıblar.

Tədbirin sonunda yüksək nəticələrlə tələbə adını qazanmış məzunlara Nizami Rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim olunub.

Keçidlər