Rayon İcra Hakimiyyətinin başçısı növbəti səyyar qəbul keçirib
Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov 6 may 2026-cı il tarixində Babək prospekti, 23/89 ünvanında yerləşən 272 №-li tam orta ümumtəhsil məktəbində sakinlərlə növbəti səyyar qəbul keçirib.
Səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, sahə inzibati ərazi dairəsi üzrə nümayəndələr, eləcə də rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Qəbulda Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov rayon sakinlərinə yaxın olmaq, onların problemlərini özlərindən eşitmək və yerindəcə aradan qaldırmaq məqsədilə öncədən təsdiq olunan qrafikə uyğun olaraq rayonun müxtəlif ünvanlarında səyyar qəbullar keçirildiyini bildirib. Eyni zamanda, vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılması, onların qaldırdıqları məsələlərin diqqətlə araşdırılıb həll olunması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin Rayon Icra Hakimiyyətinin gündəlik fəaliyyətinin əsasını təşkil etdiyini və onları narahat edən problemlərin operativ həlli üçün müvafiq tədbirlər görüldüyünü diqqətə çatdırıb.
“Açıq mikrofon” formatında keçən qəbulda rayon sakinlərinin müxtəlif sahələrə dair müraciətləri dinlənilib, onları narahat edən məsələlər yerindəcə aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib və həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Əlavə araşdırma tələb edən problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.






