Rayon İcra Hakimiyyətinin başçısı növbəti səyyar qəbul keçirib
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov 2026-cı ilin 13 may tarixində B.Nuriyev küçəsi 45 ünvanında yerləşən 250 №-li tam orta ümumtəhsil məktəbinin akt zalında rayon sakinləri ilə “Açıq mikrofon” formatında növbəti səyyar qəbul keçirib.
Səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, RİH başçısının sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Nizami bələdiyyəsinin sədri və rayonun xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Qəbulda rayon sakinlərinin müxtəlif sahələrə dair müraciətləri dinlənilib, onları narahat edən məsələlər yerindəcə aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib və həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Əlavə araşdırma tələb edən problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.
“Açıq mikrofon” formatında, maraqlı dialoq şəklində və sakinlərin böyük fəallığı ilə keçən görüşdə çıxış edən rayon sakinləri, əvvəlki səyyar qəbullarda qaldırılan problemlərin müsbət həllindən razılıq etdiklərini söyləyiblər, eyni zamanda onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.






