Respublika Ağsaqqallar Şurası Nizami rayon şöbəsinin hesabat yığıncağı keçirilib
Respublika Ağsaqqallar Şurası Nizami rayon şöbəsinin 2025-ci il 28 oktyabr tarixində növbəti hesabat yığıncağı keçirilib.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Respublika Ağsaqqallar Şurası sədrinin birinci müavini, akademik, millət vəkili Əhliman Əmiraslanov, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Respublika Ağsaqqallar Şurası Nizami rayon şöbəsinin və ictimai təşkilatların nümayəndələri iştirak ediblər.
İlk öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin büstü önünə güllər qoyaraq xatirəsini böyük ehtiramla yad ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Respublika Ağsaqqallar Şurası sədrinin birinci müavini, akademik, millət vəkili Əhliman Əmiraslanov, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov çıxış edərək Ulu Öndər Heydər Əliyevin ölkəmizdə ağsaqqallara göstərdiyi böyük diqqət və qayğıdan, onların fəaliyyətlərinə verdiyi yüksək dəyərdən söhbət açıblar.
Eyni zamanda, qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi sayəsində bu gün tarixinin ən qüdrətli dövrünü yaşayan müstəqil Respublikamızda ağsaqqallar xüsusi qayğı ilə əhatə olunub, onlar əməli fəaliyyətləri, bilik və təcrübələri, nüfuzları ilə ölkəmizin ictimai həyatında, xüsusilə də gənc nəslin vətənpərvər ruhda formalaşmasında öz töhfələrini verirlər.
Çıxış edənlər rayonun ictimai həyatında fəal iştiraklarına görə ağsaqqallara təşəkkürlərini bildirib, onlara cansağlığı və gələcək işlərində böyük uğurlar arzulayıblar. Həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin inkişafı və tərəqqisi naminə apardığı müdrik siyasətin geniş təbliğ olunması, ölkəmizə qarşı yönələn ideoloji təxribatların qarşısının alınması, gənc nəslin zərərli vərdişlərdən uzaq durması, onların milli-mənəvi və vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində davamlı olaraq maarifləndirmə tədbirlərinin keçirilməsini tövsiyə ediblər.
Tədbirdə Respublika Ağsaqqallar Şurası Nizami rayon şöbəsinin sədri Mayıl Əliyevin hesabat məruzəsi dinlənilib, məruzə ətrafında çıxışlar olub.
Rayon ağsaqqalları adından Xalid Bağırov və Oqtay Əhmədov çıxış edərək onlara göstərilən böyük qayğı və diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.






