Şriftin ölçüsü :

Saytın rəngi :

Sahibkarlar Günü ilə əlaqədar “Ulduz” şokolad fabriki ziyarət edilib

25 aprel 2025 | 09:57

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında Sahibkarlar Gününün təsis edilməsi haqqında” 2016-cı il 21 aprel tarixli Sərəncamına əsasən, hər il aprelin 25-i Azərbaycanda Sahibkarlar Günü kimi qeyd edilir. Sahibkarlar Gününün təsis olunması ölkənin sosial-iqtisadi inkişafında, məşğulluğun təmin olunmasında sahibkarların fəaliyyətinə verilən yüksək qiymətlə bərabər, sahibkarlığın, xüsusən də qeyri-neft sektorunun inkişafına dövlət başçısı tərəfindən göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Sahibkarlar Günü ilə əlaqədar Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov Keşlə qəsəbəsində Veysəloğlu Şirkətlər Qrupuna məxsus “Ulduz” şokolad fabrikini ziyarət edib.

Rayon İcra Hakimiyyətinin başçısı Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və Baş icraçı direktoru Aydın Talıbov tərəfindən qarşılanıb və ilk öncə fabrikin icraçı direktoru Kazım Babayev ziyarətçilərə müəssisənin fəaliyyəti, yerli və xarici bazarlar üçün istehsal olunan məhsullar barədə ətraflı məlumat verib. Fabrikin məhsulları nümayiş etdirilib və istehsal prosesinin mərhələləri ilə yerində tanışlıq imkanı yaradılıb.

Fabrikin istehsal sahəsində keçirilən infotur zamanı müasir texnoloji avadanlıqların iş prinsipi, qablaşdırma və digər texnoloji proseslər barədə geniş məlumat verilib. Eyni zamanda, fabrikin nəzdində fəaliyyət göstərən və ən müasir avadanlıqlarla təchiz olunmuş Mikrobioloji Laboratoriyanın fəaliyyəti ilə də yaxından tanış olublar. Bildirilib ki, laboratoriyada Şirkətlər Qrupuna daxil olan müxtəlif bizneslər üçün qida və qeyri-qida məhsullarının mikrobioloji analizi aparılır.

Ziyarətin sonunda dəyirmi masa ətrafında müzakirələr aparılıb, şirkətin inkişaf dinamikasını əks etdirən videoçarx nümayiş olunub.

Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov Azərbaycanda sahibkarlığın keçdiyi inkişaf yolu, özəl sektorun formalaşması və inkişafında Ulu Öndərin misilsiz rolunu, qlobal çağırışlar fonunda bu siyasətin Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini vurğulayıb. Qeyd edib ki, biznes və investisiya mühiti davamlı olaraq yaxşılaşdırılır, qanunvericilik bazası təkmilləşdirilir, sahibkar-dövlət, hökumət-biznes münasibətləri inkişaf etdirilir. Bildirib ki, “Veysəloğlu” kimi şirkətlərin fəaliyyəti ölkənin iqtisadi gücünün artmasına və qeyri-neft sektorunun inkişafına mühüm təsir göstərir.

Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi Aydın Talıbov bildirib ki, ölkədə iqtisadiyyata geniş dəstək paketini nəzərdə tutan çoxsaylı proqramların icra olunması ilə investisiya cəlbediciliyinin yüksəldilməsi, sahibkarların maliyyə bazarlarına daha rahat və sistemli çıxışının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər özəl sektorun daha da güclənməsinə imkan verir. Biznesin inkişafı üçün yaradılan münbit şərait Veysəloğlu Şirkətlər Qrupunun da dayanıqlı inkişafını təmin edir.

Eyni zamanda, qeyd edib ki, bu kimi təmaslar dövlət və özəl sektor arasında əməkdaşlığın inkişafına mühüm töhfə verir.

Sonda sahibkarlar üçün yaradılan şəraitə və onlara göstərilən dövlət qayğısına görə ölkə başçısına minnətdarlığını ifadə edib.

Keçidlər