Şəhid Zakir Cəfərovun xatirəsinə həsr olunmuş filmin təqdimatı keçirilib
28 oktyabr 2026-cı 250 nömrəli tam orta ümumtəhsil məktəbində Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhid Zakir Cəfərovun əziz xatirəsinə həsr olunmuş filmin təqdimat mərasimi keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbir çərçivəsində əvvəlcə şəhid Zakir Cəfərovun adına verilmiş sinfin açılış mərasimi keçirilib. Daha sonra iştirakçılara şəhidin həyat və döyüş yolundan, Vətən qarşısında göstərdiyi qəhrəmanlıq və fədakarlıqdan bəhs edən, ssenari müəllifi və rejissoru Etibar Məmmədov olan “Zakirin essesi” filminin təqdimatı olub.
Təqdimat mərasimində Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Komitəsinin Nizami rayon komitəsinin sədri Sübut Əsədov, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi Aynur Mehdiyeva, 250 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Gülanə Əliyeva, şəhid ailələrinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Filmin təqdimatı iştirakçılar tərəfindən böyük maraq və ehtiramla qarşılanıb. Tədbir şəhidlərimizin əziz xatirəsinə dərin hörmətin ifadəsi olmaqla yanaşı, onların fədakarlığının unudulmadığını və gələcək nəsillərə çatdırılmasının hər birimizin mənəvi borcu olduğunu bir daha nümayiş etdirib.






