Vətən Müharibəsi Qəhrəmanı, baş leytenant Azad Arif oğlu Hümbətovun doğum günündə xatirəsi anılıb
24 yanvar 2024-cü il tarixində II Fəxri Xiyabanda Vətən Müharibəsi Qəhrəmanı, baş leytenant Hümbətov Azad Arif oğlunun məzarı ziyarət edilib.
Anım mərasimində şəhidin qohumları, Milli Məclisin sədr müavini Adil Əliyev, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliev, RİHBA-nın məsul əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.
Qeyd edək ki, Azad Hümbətov 27 oktyabr 2020-ci il tarixində Laçın uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra ona “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib və "Vətən uğrunda", “Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 noyabr 2021-ci il tarixli, 339 nömrəli Qərarına əsasən Bakı şəhəri 291 saylı Ekologiya liseyinə Azad Hümbətovun adı verilib.
Bakıdakı mərkəzi küçələrdən biri Azad Hümbətovun adını daşıyır.