Vətən müharibəsi qəhrəmanı, şəhid baş leytenant Azad Hümbətovun doğum günü ilə əlaqədar əziz xatirəsi yad edilib
24 yanvar 2025-ci il tarixində II Fəxri Xiyabanda Vətən Müharibəsi Qəhrəmanı, baş leytenant Hümbətov Azad Arif oğlunun doğum günü ilə əlaqədar məzarı ziyarət edilib.
Anım mərasimində şəhidin ailə üzvləri və yaxınları, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, Milli Məclisin deputatı Hikmət Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Anım mərasimində Vətən müharibəsi qəhrəmanı Azad Hümbətovun 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpasında və tarixi qələbənin əldə edilməsində göstərdiyi şücaətlərdən danışılıb, xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.
Qeyd edək ki, Azad Hümbətov 27 oktyabr 2020-ci il tarixində Laçın uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra ona “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib və "Vətən uğrunda", “Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 noyabr 2021-ci il tarixli, 339 nömrəli Qərarına əsasən Bakı şəhəri 291 saylı Ekologiya liseyinə Azad Hümbətovun adı verilib.
Bakıdakı mərkəzi küçələrdən biri Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun adını daşıyır.
Anım mərasimindən sonra II Fəxri Xiyabanda dəfn olunan şəhidlərin məzarları ziyarət olunub, xatirələri ehtiramla yad edilib.