Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi Qəhrəmanı şəhid mayor Amid Heydərovun ailəsi ziyarət olunub

14 fevral 2024 | 19:36

14 fevral 2024-cü il tarixində Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov və aparatın məsul əməkdaşları Vətən Müharibəsi Qəhrəmanı şəhid mayor  Amid Rəbbil oğlu Heydərovun ailəsini ziyarət ediblər.

Ziyarət zamanı şəhid  Amid Heydərovun şərəfli həyat yolundan və döyüşlərdə göstərdiyi şücaətdən söhbət açılıb. Şəhid ailələrinə, qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs edilib, şəhidlərin əziz xatirəsinin qəlblərdə daim yaşayacağı bildirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov şəhidin oğlu Səid Heydərovu doğum günü münasibətilə təbrik edib, şəhidin ailəsinin qayğıları ilə maraqlanıb, ailənin istəklərinin həlli istiqamətində tədbirlərin görüləcəyini bildirib.

Qeyd edək ki, Azərbaycan Ordusunun mayoru Amid Heydərov Vətən müharibəsində Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, oktyabrın 3-də şəhid olub və Lerik şəhərində dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə  Amid Heydərova ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib və "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

Keçidlər