Vətən müharibəsi şəhidi Cavid Həsənova həsr olunmuş "Yuxumdakı Şəhid" sənədli filminin təqdimatı keçirilib
19 oktyabr 2023-cü il tarixində Nizami Kino Mərkəzində Vətən müharibəsi şəhidi Cavid Həsənova həsr olunmuş "Yuxumdakı Şəhid" sənədli filminin təqdimatı keçirilib.
Tədbirdə hökumət və ictimaiyyət nümayəndələri, Milli Məclisin deputatları, şəhid ailələri, qazilər, iş adamları, müəllim və tələbələr iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Vazeh Əsgərov, Xəzər Universitetinin direktoru İradə Xəlilova rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində keçdiyi şərəfli yoldan danışıb, Silahlı Qüvvələrimizin hər bir mənsubunun qəhrəmanlıq salnaməsində silinməz iz buraxdığını diqqətə çatdırıblar.
Ordumuzun son antiterror tədbirlərinə toxunan natiqlər oktyabrın 15-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndi, Xocalı, Xocavənd rayonlarında Azərbaycan Bayrağını ucaltmasını bütün dünya azərbaycanlılarının sevinclə qarşıladığını vurğulayıblar..
Bildirilib ki, Vətənimiz uğrunda mübarizədə canlarından keçən oğullarımızdan biri də İkinci Qarabağ müharibəsi şəhidi Cavid Həsənovdur. Sənədli filmin təqdimatının məhz Vətən müharibəsinin üçüncü ildönümü günlərinə təsadüf etməsini yüksək qiymətləndirən çıxışçılar bununla Cavid Həsənovun timsalında bütün şəhidlərin xatirəsinin yad olunduğunu qeyd edib, qəhrəman oğulların şərəfli həyat və döyüş yolunun gələcək nəsillərə çatdırılmasının vacibliyindən danışıblar.
Sonra şəhidin anası Mirvari Həsənova şəhid anası olmaqdan qürur duyduğunu və Cavid kimi bütün şəhidlərimizin xalqımızın qəlbində və tariximizdə əbədi yaşayacağına əmin olduğunu deyib və filmin ərsəyə gəlməsində dəstəyi olanlara minnətdarlığını bildirib.
Tədbirin təşkilatçısı “Biz bir ailəyik” Əlilliyi olan şəxslərə dəstək İctimai Birliyinin sədri Günay Ağazadə filmin ərsəyə gəlmə səbəbi haqqında ətraflı məlumat verib.
Tədbir Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin kollektivinin çıxışları və ifaları ilə davam edib.
Sonra “Yuxumdakı Şəhid” filmi nümayiş olunub.
Tədbirin sonunda təltifetmə mərasimi keçirilib. Xüsusi olaraq şəhidin anası üçün hazırlanmış hədiyyə ona təqdim edilib.