Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi, mayor İlkin Cəfər oğlu Rzayevin xatirə kompleksi ziyarət edilib

02 oktyabr 2025 | 14:25

02 oktyabr 2025-ci il tarixində Vətən Müharibəsi şəhidi, mayor Rzayev İlkin Cəfər oğlunun anım günü ilə əlaqədar yaşadığı binanın qarşısında xatirə kompleksi ziyarət edilib.

Anım mərasimində Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, şəhidin ailə üzvləri iştirak ediblər.

Şəhidin xatirə kompleksi önünə əklil və gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad edilib.

Xatirə kompleksi önündə şəhidin anası ilə söhbət zamanı şəhidimizin keçdiyi şərəfli döyüş yolunun gənc nəslə örnək olduğu və onun xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb.

Sonra məktəblilərin ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.

Şəhidin anası onlara göstərilən diqqət və qayğıya görə müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib.

Qeyd edək ki, mayor İlkin Rzayev Vətən müharibəsi zamanı Kəlbəcər rayonunun azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib, 2 oktyabr 2020-ci il tarixində Murovdağ uğrunda gedən döyüşlərdə təxminən 40 nəfərə yaxın şəxsi heyəti olan qrupu mühasirədən xilas edərək şəhid olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

Keçidlər