Vətən müharibəsi şəhidi mayor Xəyal Məmmədovun övladının doğum günü qeyd edilib
11 iyun 2024-cü il tarixində “Akvarium” Əyləncə Mərkəzində Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov və Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları Vətən müharibəsi şəhidi mayor Xəyal Məmmədovun ailə üzvləri ilə birgə şəhid övladı Aylin Məmmədovanın doğum gününü qeyd edib, ona hədiyyələr təqdim ediblər. Şəhid övladının 10 yaşı tamam olub.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Qeyd edək kİ, Azərbaycan Ordusunun mayoru olan Xəyal Ağabəy oğlu Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 20-də Qubadlı döyüşləri zamanı şəhid olub. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.