Vətən müharibəsi şəhidi Məmmədov Murad Elşən oğlunun xatirəsi anılıb
15 oktyabr 2025-ci il tarixində Vətən müharibəsində şəhidi Məmmədov Murad Elşən oğlunun Keşlə Şəhidlər Xiyabanında məzarı ziyarət edilib.
Anım mərasimində şəhidin ailə üzvləri və yaxınları, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, RİH başçısının müavini İldırım Mehdiyev, Nizami bələdiyyəsinin sədri Vüqar Quliyev, Keşlə bələdiyyəsinin sədri Rəşad Babayev iştirak ediblər.
Şəhid Murad Məmmədovun ruhuna dualar oxunub, onun xatirəsi dərin ehtiramla yad olunub.
Qeyd edək ki, Murad Məmmədov Vətən müharibəsi zamanı Füzulinin və Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, Hadrut uğrunda gedən döyüşlərdə şəhid olub. Şəhid Murad Məmmədov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.






