Vətən müharibəsi şəhidləri Alı Nofəl oğlu Həsənli və Rəfael Emin oğlu İbrahimovun məzarları ziyarət edilib
21 oktyabr 2025-ci il tarixində Keşlə Şəhidlər Xiyabanında Həsənli Alı Nofəl oğlunun və İbrahimov Rəfael Emin oğlunun məzarları ziyarət edilib.
Anım mərasimində şəhidlərin ailə üzvləri və yaxınları, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri İldırım Mehdiyev, Şahsultan Həsənov, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Nizami bələdiyyəsinin sədri Vüqar Həsənov, Keşlə bələdiyyəsinin sədri Rəşad Babayev iştirak ediblər.
Şəhidlərin xatirəsi ehtiramla yad edilib, ruhlarına dualar oxunub.
Qeyd edək ki, Alı Həsənli 20 oktyabr 2020-ci il tarixində Cəbrayıl istiqamətində, Rəfael İbrahimov isə 21 oktyabr 2020-ci il tarixində Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olmuşlar. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümlərindən sonra Alı Həsənli "Vətən uğrunda" və “Füzulinin azad olunmasına görə” medalları ilə, Rəfael İbrahimov "Vətən uğrunda", “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif ediliblər.






