Vətən müharibəsi şəhidləri İlkin Rzayevin və Amid Heydərovun ailələri ziyarət edilib
25 sentyabr 2026-cı il tarixində Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov və aparatın məsul əməkdaşları Vətən müharibəsi şəhidləri Rzayev İlkin Cəfər oğlunun və Heydərovun Amid Rəbbil oğlunun ailələrini ziyarət ediblər.
Ziyarət əsnasında şəhidimizin doğmalarının qayğıları ilə yaxından maraqlanılıb, onların arzularının reallaşması üçün lazımi addımların atılacağı bildirilib. Söhbət zamanı dövlətin hər zaman şəhid ailələrinin və qazilərin yanında olduğu xüsusi qeyd edilib, canlarını vətən uğrunda fəda edən qəhrəmanlarımızın xatirəsinin qəlblərdən heç vaxt silinməyəcəyi ifadə olunub.
Qeyd edək ki, mayor İlkin Rzayev Vətən müharibəsi zamanı Kəlbəcər rayonunun azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib, 2 oktyabr 2020-ci il tarixində Murovdağ uğrunda gedən döyüşlərdə təxminən 40 nəfərə yaxın şəxsi heyəti olan qrupu mühasirədən xilas edərək şəhid olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.
Mayor Amid Heydərov Vətən müharibəsində Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, oktyabrın 3-də şəhid olub və Lerik şəhərində dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Amid Heydərova ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.
Həmçinin Nizami rayonunda B.Nuriyev və C.Naxçıvanski küçələrini birləşdirən küçə Vətən Müharibəsi Qəhrəmanı şəhid mayor Amid Heydərovun adını daşıyır.






