Vətən müharibəsi şəhidləri Rafael Mailov və Murad Məmmədovun məzarları ziyarət edilib
15 oktyabr 2023-cü il tarixində Keşlə qəsəbəsindəki Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidləri Mailov Rafael İlqar oğlu və Məmmədov Murad Elşən oğlunun məzarları ziyarət edilib.
Anım mərasimində Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nizami Rayon İdarəsinin əməkdaşı Bəhruz Hüseynov, Keşlə Bələdiyyəsinin sədri Əlamdar Bafadarov, şəhidin ailə üzvləri və yaxınları iştirak ediblər.
Şəhidlərin xatirələri ehtiramla yad edilib, ruhlarına dualar oxunub.
Qeyd edək ki, Rafael Mailov 14 oktyabr 2020-ci il tarixində Füzuli rayonu, Yuxarı Seyidəhmədli kəndi istiqamətində düşmən üzərinə hücuma keçərkən şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Murad Məmmədov 15 oktyabr 2020-ci il tarixində Hadrut döyüşləri zamanı şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.