Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsinin şəhidi Teymur Məcidzadəyə həsr olunmuş “Şuşada bitən yuxu” adlı kitabın təqdimat mərasimi keçirilib

11 oktyabr 2023 | 10:35

10 oktyabr 2023-cü il tarixində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Mədəniyyət Nazirliyinin dəstəyi ilə 44 günlük Vətən müharibəsinin şəhidi, baş leytenant Teymur Məcidzadənin anadan olmasının 31-ci ildönümünə və haqqında yazılmış “Şuşada bitən yuxu” kitabının təqdimatına həsr olunmuş tədbir keçirilib.

İlk öncə teatrın foyesində müəllif Könül Fazilqızı kitabı imzalayaraq qonaqlara təqdim edib. Sonra iştirakçılar şəhidin döyüş yolunu əks etdirən fotosərgi ilə tanış olublar.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Mədəniyyət nazirinin müavini Fərid Cəfərov çıxış edərək bildirib ki, nazirliyin fəaliyyətinin əsas istiqamətlərindən biri də milli-mənəvi dəyərlərimizin cəmiyyətə, gənclərə ötürülməsi, onların milli ruhda yetişməsidir. Xalqımızın son üç ildə tarixinin ən parlaq səhifəsini yaşadığını və  bunun da Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuzun, Teymur Məcidzadənin timsalında qəhrəman zabit və əsgərlərimizin 2016, 2020 və sonda 2023-cü ilin sentyabrında göstərdikləri böyük şücaətin, fədakarlığın nəticəsi olduğunu söyləyib. Teymur Məcidzadənin qədim mədəniyyət beşiklərimizdən olan Şuşa uğrunda gedən döyüşlərdə şəhid olduğunu qeyd edən nazir müavini bütün şəhidlərimizin əziz xatirəsinin daim qəlblərdə yaşayacağını vurğulayıb. Bu gün Şuşada aparılan sürətli bərpa və quruculuq işlərini fəxarətlə izləyərkən şəhid və qazilərimizin dərin minnətdarlıq hissi ilə yada salındığını diqqətə çatdırıb.

Kitab haqqında söz açan nazir müavini şanlı Zəfərimizin əldə edilməsinin nə qədər çətinliklə başa gəlməsinin, Vətən yolunda minlərlə igid oğulun qanının tökülməsinin gənc nəslə təbliğ edilməsinin vacibliyini vurğulayıb.

Daha sonra çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin hər zaman əziz olduğunu, onların xalqın qəlbində əbədi yaşayacaqlarını söyləyərək, şəhidlərin ailə üzvlərinə diqqət və qayğının göstərilməsinin hər birimizin vətəndaşlıq borcu olduğunu bildirib.

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Milli Məclisin sədr müavini Adil Əliyev, millət vəkili Könül Nurullayeva çıxışlarında Teymur Məcidzadənin Vətən sevgisindən və qəhrəmanlığından söz açıblar.

Şəhidin anası Yasəmən Məcidzadə çıxış edərək tədbirin təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirib.

Sonra tədbir bədii hissə ilə davam edib.

Qeyd edək ki, Teymur Tehran oğlu Məcidzadə 1992-ci il oktyabrın 10-da Füzuli rayonunun Gecəgözlü kəndində anadan olub. 1993-cü ildə Füzuli rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən sonra ailəsi Bakı şəhərinə köçüb. T.Məcidzadə 2010-2014-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində ali təhsil alıb. Sərhəd Qoşunları tərkibində əsgəri xidmətini başa vurduqdan sonra, hərbi hissədə qalıb qulluq etməyi qarşısına məqsəd qoyub, baş leytenant rütbəsinə qədər yüksəlib.

T.Məcidzadə Vətən müharibəsində Füzuli rayonundan Şuşayadək döyüşlərdə qəhrəmanlıq göstərib. 2020-ci il noyabrın 9-da Vətən müharibəsinin 43-cü günündə, savaşın bitməsinə saatlar qalmış Şuşa ərazisində şəhid olub, Fəxri xiyabanda torpağa tapşırılıb.  Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Hərbi xidmətlərə görə" medalları və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.

Keçidlər