“Vətənin Xəyalı” kitabının təqdimat mərasimi keçirilib
20 oktyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının inzibati binasında yazıçı-publisist Manya Səxavətqızının müəllifi olduğu Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş mayor Məmmədov Xəyal Ağabəy oğlunun həyat və döyüş yoluna həsr edilmiş “Vətənin Xəyalı” kitabının təqdimat mərasimi keçirilib.
Tədbir Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən bütün şəhidlərin, o cümlədən mayor Xəyal Məmmədovun əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Mərasimdə Milli Məclisin deputatı Vüqar İskəndərov, Nizami Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Bəhman Hüseynov, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, kitabın müəllifi, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Vətən Fədailəri” layihəsinin rəhbəri, 14 kitabın müəllifi Manya Səxavətqızı, Zəfər Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə, Nizami Bələdiyyəsinin sədr müavini Yeganə Abbasova, Geologiya İnstitutunun direktoru Elçin Vəliyev, 337 nömrəli tam orta ümumtəhsil məktəbinin sabiq direktoru Naimə Əliyeva, “Vətən Fədailəri” layihəsinin dəstəkçisi Şahin Məmmədov, eləcə də şəhidin hərbçi yoldaşları, dostları və silahdaşları çıxış ediblər.
Sonda tədbir iştirakçılarına “Vətənin Xəyalı” kitabı təqdim olunub və xatirə şəkli çəkdirilib.






