Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Nizami rayon təşkilatının təsis olunmasının 29-cu ildönümü qeyd olunub

12 sentyabr 2022 | 17:41

12 sentyabr 2022-ci il tarixində Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının təsis edilməsinin 29-cu ildönümü münasibətilə tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri düzüblər.

Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Liderin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra YAP Nizami rayon təşkilatının fəaliyyətinə həsr edilmiş video-çarx nümayiş olunub.

Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatları Sədaqət Vəliyeva, Məlahət İbrahimqızı, YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdir müavini Rafael Gülməmmədov və başqaları bildiriblər ki, Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi təşkilatları arasında bərabəri olmayan bir partiyadır.

Bildirilib ki, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı 1993-cü il sentyabrın 11-də Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun akt zalında 76 nəfərin iştirakı ilə yaranıb. Bu gün isə rayon təşkilatının sıraları kəmiyyət və keyfiyyət baxımından sürətlə genişlənir. Hazırda 106 ərazi partiya təşkilatında 19 minə qədər üzv birləşib.

Diqqətə çatdırılıb ki, Yeni Azərbaycan Partiyası xalqın mənafelərinə xidmət etmək, ölkəmizin qarşısında duran məsələləri həll etmək üçün zamanın tələblərinə uyğun olaraq zərurətdən yaranmış bir partiyadır. Yeni Azərbaycan Partiyası xalqı öz ətrafına birləşdirərək ümumxalq partiyasına çevrilib, eyni zamanda, ölkədə demokratiyanın inkişafında aparıcı qüvvə kimi özünü təsdiqləyib. Bu da dünənin, bu günün, gələcəyin partiyasının təməlində xalqın sevgisinin, etimadının dayandığını bir daha sübut edir.

Vurğulanıb ki, Prezident İlham Əliyevin doğma, müstəqil ölkəmizin inkişafı, ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi genişmiqyaslı tədbirlər, onun real nəticələri partiyanın hər bir üzvü qarşısında daha məsul vəzifələr qoyur.

Sonra YAP Nizami rayon təşkilatının yaradılmasında və inkişafında xidmətləri olmuş bir qrup şəxsə xatirə hədiyyələri, partiya veteranlarına fəxri diplomlar təqdim edilib.

Tədbir bədii hissə ilə davam edib. Gənc muğam ifaçısı Yusif Cəfərbəylinin ifasında “Qarabağ şikəstəsi” səsləndirilib.

Keçidlər