Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatının XI konfransı keçirilib

14 sentyabr 2026 | 14:30

14 sentyabr 2026-cı il tarixində Nizami rayonunda YAP Nizami rayon təşkilatının XI konfransı keçirilib.

İlk öncə konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edib, abidənin önünə gül dəstələri qoyaraq əziz xatirəsini böyük ehtiramla yad ediblər.

Ümummilli Lider Heydər Əliyevin, eləcə də Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi naminə canlarından keçmiş şəhidlərin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi və  Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan konfransda YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov hesabat məruzəsi ilə çıxış edərək ötən dövr ərzində ərazi partiya təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi, partiya üzvləri ilə işin səmərəliliyinin artırılması, təşkilati fəaliyyətin daha çevik və məqsədyönlü qurulması istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini, həmçinin partiya təşkilatının fəaliyyətində üzvlərlə sistemli işin təşkil olunmasını, onların ictimai-siyasi proseslərdə iştirakının genişləndirilməsini, yeni üzvlərin partiya sıralarına cəlb olunmasını, gənclərin və qadınların ictimai fəallığının artırılmasını qeyd edib.

Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov konfransda çıxış edərək YAP-ın ölkənin ictimai-siyasi həyatında tutduğu mühüm mövqedən, Ulu Öndər Heydər Əliyevin siyasi irsindən, partiyanın keçdiyi inkişaf yolundan və qarşısında duran əsas vəzifələrdən danışıb.

Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən etibarən Azərbaycanın siyasi həyatında mühüm və aparıcı rol oynayıb. Partiyanın formalaşması və inkişafı ölkənin müstəqillik tarixinin mühüm mərhələləri ilə sıx bağlıdır. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs Möhtərəm Prezident Cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Bu gün Yeni Azərbaycan Partiyası Möhtərəm Prezidentimizin həyata keçirdiyi uzaqgörən və müdrik siyasət nəticəsində müasir dünyanın çağırışlarına cavab verən, dinamik və çevik siyasi instituta çevrilib. Azərbaycan regionda şəksiz lider və yeni geosiyasi şəraitin yaradılmasının lokomotivi, sabitliyin, sülhün və mehriban qonşuluğun carçısı kimi dünya birliyində öz layiqli yerini tutur. Regional və qlobal təhlükəsizliyə müstəsna töhfələr verən müstəqil Azərbaycan tərəfdaşlıq və əməkdaşlıq məkanına, beynəlxalq dialoq mərkəzinə çevrilib, beynəlxalq təşkilatlara rəhbərlik, mötəbər tədbirlərə isə ev sahibliyi edir. Bu gün ölkəmiz dünya siyasi arenasında böyük dövlətlərin hesablaşmağa məcbur olduğu yüksək nüfuza, qlobal səviyyədə, yeni dünya nizamının formalaşdığı dövrdə yeni bir gücə, bərabərhüquqlu söz sahibinə çevrilmişdir. İnanırıq ki, əldə olunmuş mühüm nailiyyətlər fonunda qarşıda duran yeni vəzifə və tapşırıqların uğurla həyata keçirilməsi istiqamətində YAP Nizami rayon təşkilatı da fəaliyyətini yeni dövrün tələblərinə uyğun şəkildə quraraq, bundan sonra da həyata keçirilən məqsədyönlü siyasi kursun reallaşdırılmasına öz layiqli töhfələrini vermək əzmi ilə fəaliyyətini davam etdirəcəkdir..

Müasir dövrdə YAP cəmiyyətdə gedən inteqrasiya proseslərinin mərkəzində dayanır, idarəetmədə şəffaflığın və vətəndaş məmnunluğunun təmin olunmasında fəal iştirak edir. Ulu Öndərin siyasi irsinin təbliği, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi, xüsusilə bu siyasi kursun gənclərə aşılanması bu gün YAP-ın əsas prioritet vəzifələrindən biridir.

Vurğulanıb ki, YAP Nizami rayon təşkilatının rayonun ictimai-siyasi həyatında fəal iştirakı, dövlət siyasətinin mahiyyətinin ictimaiyyətə çatdırılmasında göstərdiyi fəaliyyəti təqdirəlayiqdir və xüsusi əhəmiyyət daşıyır.

Konfransda həmçinin YAP Nizami rayon təşkilatına uzun illər rəhbərlik etmiş, sabiq millət vəkili Sədaqət Vəliyeva, partiya veteranı Edilman Məmmədov, YAP Nizami rayon ərazi partiya təşkilatlarının sədrləri  Fuad Süleymanov və şəhid anası Kəmalə Abdullayeva çıxış ediblər.

Konfransın yekununda YAP Nizami rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib.

Konfrans Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Keçidlər