Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 30-cu ildönümü münasibətilə tədbir keçirilib

02 noyabr 2022 | 11:02

Heydər Əliyev adına Neft Emalı Zavodunda Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı partiyanın yaradılmasının 30-cu ildönümü münasibətilə tədbir keçirib.

Tədbirdən öncə Nizami rayonunda Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin xatirəsinə ucaldılan abidə və Memorial Kompleks, Heydər Əliyev adına Neft Emalı Zavodunda ulu öndərin əziz xatirəsinə ucaldılmış abidəsi ziyarət olunub, gül dəstələri qoyularaq ehtiramla yad edilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Yeni Azərbaycan Partiyasının yaradıcısı, müasir, müstəqil Azərbaycan Respublikasının banisi, ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi naminə canını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Sonra Yeni Azərbaycan Partiyasının 30 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov Yeni Azərbaycan Partiyasının 30 il ərzində şərəfli və məsuliyyətli yol qət etdiyini, öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrildiyini diqqətə çatdırıb. O, 1992-ci il noyabrın 21-də respublikanın müxtəlif bölgələrindən 550 nümayəndənin iştirakı ilə Naxçıvanda keçirilən Yeni Azərbaycan Partiyasının təsis konfransının tarixi əhəmiyyətə malik olduğunu söyləyib. Bildirib ki, ümummilli lider Heydər Əliyevin zəngin irsi əsasında və ölkə Prezidenti, partiyamızın Sədri İlham Əliyevin rəhbərliyi altında dövlətimizin qüdrəti, beynəlxalq nüfuzu daha da artacaq.

Çıxış edən “91”lərin üzvü, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, professor Südeyf İmamverdiyev, “91”lərin üzvü, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, professor Şahlar Əsgərov, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Yeni Azərbaycan Partiyasının fəal üzvü, şəhid Zakir Cəfərovun anası Kəmalə Abdullayeva, Vətən müharibəsinin qazisi, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş Teymur Kərimli və başqaları vurğulayıblar ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. O zaman müstəqilliyinin itirilməsi təhlükəsi ilə üzləşən Azərbaycanın ümidi müdrik dövlət xadimi, zəngin dövlətçilik təcrübəsinə malik olan, öz fəaliyyətində xalqın ali mənafeyini, dövlətin milli maraqlarını rəhbər tutan görkəmli siyasi xadim Heydər Əliyevə idi. Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkədə vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Daxili və xarici bədxahların Azərbaycanı parçalamaq, dövlətçiliyimizi məhv etmək istiqamətindəki bütün cəhdlərinin qarşısı alındı. Heydər Əliyev öz Qayıdışı ilə Azərbaycana sabitlik, dirçəliş və fasiləsiz inkişaf gətirdi. Bu gün əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasını Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev uğurla həyata keçirir. Bunun nəticəsidir ki, ölkəmiz regionda güc amilinə, dünya birliyində söz sahibinə çevrilib.

Diqqətə çatdırılıb ki, Ümummilli Liderimiz Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP-ın 30 illik tarixi zəngin və şərəfli inkişaf yoludur. Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun milli maraqların ifadəçisi olmasıdır. Əlavə edilib ki, Yeni Azərbaycan Partiyası ümumxalq partiyasıdır və biz bu gün uğurlu siyasi fəaliyyətin nəticəsini - tarixi Qələbəni təntənə ilə qeyd edirik. Yeni Azərbaycan Partiyası təsis olunduğu gündən xalqın inam və etimadını ən yüksək səviyyədə doğruldub. Bu gün sürətlə inkişaf edən müstəqil dövlətimizi uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərir.

Çıxışlardan sonra partiyanın və rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup şəxs Fəxri fərmanla, müharibə veteranları, şəhid ailələrinin üzvləri təşəkkürnamələrlə, hədiyyələrlə təltif ediliblər, partiyaya yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri təqdim olunub.

Tədbirə bədii hissə ilə yekun vurulub.

Keçidlər