Keşlə qəsəbəsi, Sabir küçəsində yağışın yaratdığı fəsadlar aradan qaldırılır
05-06 aprel 2026-cı il tarixlərində intensiv yağan yağışlar nəticəsində Bakı dairəvi magistral kollektorunda su həcminin kəskin artması səbəbindən Keşlə qəsəbəsinin M.Ə.Sabir və K.Əfkari küçələrinin kəsişməsindən keçən hissəsi daşmışdır.
Məlum olmuşdur ki, hadisəyə səbəb Xətai rayonu, R.Bağırov küçəsində, magistral kollektorda bir müddət öncə baş vermiş çökmədir. Çökmə nəticəsində tullantı sularının axın istiqaməti məcburi qaydada dəyişdirilərək alternativ xətlərə yönəldilmişdir. Qəza vəziyyəti drenaj-kanalizasiya sistemində kəskin yüklənmə yaradaraq magistral xətlərdə hidravlik təzyiqin kəskin artmasına səbəb olmuş, nəticədə M.Ə.Sabir küçəsinin relyef baxımından çökəklik ərazidə yerləşməsi, kənarlaşdırıla bilməyən suların məhz bu nöqtədə intensiv toplanmasına şərait yaratmışdır. Ərazidə suyun səviyyəsinin sürətlə yüksələrək 1.2-1.5 metrə çatması nəticəsində 31 fərdi yaşayış evinə su dolma halı yaranmış, sakinlərin təhlükəsizliyi risk altına düşmüşdür. Ərazidəki evlər əsasən 30-40 il əvvəl inşa edildiyi üçün köhnə tikililərin konstruksiyasına ciddi maddi ziyan dəymişdir.
Dərhal Nizami Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə əraziyə FHN-in müvafiq qurumları, kommunal xidmət sahələrinin əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunmuşdur.
FHN-in müvafiq xidmətləri və Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən ərazidə 203 nəfər sakinlə bağlı operativ tədbirlər görülmüşdür. Eyni zamanda, ərazidə suyun səviyyəsinin aşağı salınması üçün xüsusi təyinatlı nasoslar və motopompalar cəlb olunmuşdur.
Təxliyə olunan sakinlər yaradılmış qərargahda yerləşdirilərək qida, isti geyim və tibbi-psixoloji yardımla təmin olunmuşlar.
Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən ərazidə ictimai asayişin qorunması və mühafizə tədbirləri həyata keçirilir.
Hazırda ərazidə bərpa və təmizləmə işləri fasiləsiz davam etdirilir, fəsadların aradan qaldırılması istiqamətində kompleks tədbirlər görülür.






