Nizami rayonunda abadlıq və sanitar-təmizlik işləri davam edir
Nizami rayonunda sakinlərin rahatlığının təmin edilməsi, ərazinin estetik görünüşünün qorunması və sanitar-gigiyenik vəziyyətin yaxşılaşdırılması məqsədilə aidiyyəti xidmət sahələri tərəfindən kompleks tədbirlər həyata keçirilir.
Yaz mövsümü ilə əlaqədar rayon ərazisində yaşıllıq zolaqlarına qulluq işləri çərçivəsində yol kənarlarında və məhəllədaxili sahələrdə alaq otları və uzanmış ot örtüyü biçilərək sahmanlaşdırılır. Həmçinin, binalara və elektrik xətlərinə maneə törədən, eləcə də quruma təhlükəsi olan ağac budaqları budanaraq ərazidən kənarlaşdırılır. Rayon Yaşıllaşdırma Sahəsi tərəfindən küçə və prospektlərin görünüşünü gözəlləşdirmək məqsədilə müasir landşaft dizaynına uyğun dekorativ gül və kolların əkilməsi prosesi davam etdirilir.
Əhalinin sağlamlığının qorunması məqsədilə Nizami Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən təmizlik işləri çərçivəsində məişət tullantılarının toplandığı meydançalardakı konteynerlər mütəmadi boşaldılır, ətraf ərazilər təmizlənir. Xoşagəlməz qoxuların və yoluxucu xəstəliklərin qarşısını almaq üçün konteynerlər, yaşayış binalarının girişləri və həyətyanı sahələr xüsusi dezinfeksiyaedici məhlullarla planlı şəkildə dərmanlanır.
Sakinlərin, xüsusilə uşaqların asudə vaxtlarını səmərəli və təhlükəsiz keçirmələri üçün istirahət zonalarına texniki baxış keçirilərək oyun elementləri və yelləncəklərdə aşkar edilmiş nasazlıqlar qısa müddətdə aradan qaldırılır.
Eyni zamanda, “Bakı şəhər işığı” Elektrik Şəbəkə müəssisəsinin Nizami rayon Texniki İstismar Sahəsi tərəfindən prospekt və küçələrin, eləcə də məhəllədaxili ərazilərin işıqlandırma sistemi yenilənir, sıradan çıxmış işıq dirəkləri və lampalar bərpa olunur.






