Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Bizim həyət” layihəsi çərçivəsində daha bir həyət istifadəyə verilib

23 noyabr 2022 | 14:42

23 noyabr 2022-ci il tarixində Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində Nizami rayonu, Bəhruz Nuriyev  küçəsi 120/116 və Qara Qarayev prospekti 118 və 120 ünvanlarında 650 nəfər sakinin yaşadığı çoxmərtəbəli binaları əhatə edən həyət yenilənərək sakinlərin istifadəsinə verilib.

“Bizim həyət” layihəsinin əsas məqsədi ölkə ərazisində həyətlərin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə ərazidə süni örtüklü mini futbol stadionu, şahmat meydançası, müxtəlif idman qurğuları, uşaq meydançaları salınıb. Eyni zamanda, ərazidə 7 söhbətgah, çoxsaylı oturacaqlar, tullantılar üçün qutular, quş yuvaları və pişik evləri quraşdırılıb.

Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə yeni işıqlandırma dirəkləri, müşahidə kameraları quraşdırılıb, binaların fasad və blokları tam təmir olunub, asfalt və dam örtüyü yenilənib, elektrik sistemi yenidən qurulub.

Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, 260 ədəd müxtəlif növ ağaclar və 15000-ə qədər kollar əkilib, 2400 kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb. Bununla yanaşı, həyətin ətraflarında sıx bitən və hava çirklənməsini effektiv şəkildə azalda bilən adi daşsarmaşığı və digər sarmaşan bitkilər əkməklə “yaşıl səddlər” yaradılıb.

Keçidlər