Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda "Bizim həyət" layihəsi çərçivəsində yeni həyət istifadəyə verilib

23 may 2023 | 14:47

Mayın 23-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində yenilənən daha bir həyət sakinlərin istifadəsinə verilib.

Yenilənmiş həyət Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 84B və 84V ünvanlarında 600 nəfər sakinin yaşadığı çoxmərtəbəli binaları əhatə edir.

“Bizim həyət” layihəsinin əsas məqsədi ölkə ərazisində həyətlərin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə ərazidə süni örtüklü mini futbol stadionu, müxtəlif idman qurğuları, uşaq meydançaları salınıb. Eyni zamanda, ərazidə 5 söhbətgah, çoxsaylı oturacaqlar, tullantılar üçün qutular, quş yuvaları və pişik evləri quraşdırılıb.

Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə yeni işıqlandırma dirəkləri, müşahidə kameraları quraşdırılıb, binaların fasad və blokları tam təmir olunub, asfalt və dam örtüyü yenilənib, elektrik sistemi yenidən qurulub.

Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, 1300 ədəd müxtəlif cinsli ağaclar, 4500 kol əkilib, 4000 kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb. Bununla yanaşı, həyətin ətraflarında 2000 ədəd daşsarmaşığı və digər sarmaşan bitkilər əkməklə hava çirklənməsinə qarşı “yaşıl sədlər” (“green barriers”) yaradılıb.

Keçidlər