Nizami rayonu ərazisində abadlıq və yenidənqurma işləri davam etdirilir
Son illər ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə bütün ölkədə olduğu kimi, Nizami rayonunda da abadlıq və yenidənqurma işləri geniş vüsət alıb. Əhalinin rahatlığının və istirahətinin yüksək səviyyədə təşkili məqsədilə yeni parklar və çoxsaylı yaşıllıq zolaqları salınır, mövcud parklar əsaslı təmir olunur, abadlıq işləri aparılır.
Heydər Əliyev prospektində “Çinar Plaza” Biznes Mərkəzinin yaxınlığında, ümumi sahəsi 0,6 hektar olan parkda da aparılan yenidənqurma və təmir işləri artıq başa çatıb.
Qeyd edək ki, aparılan yenidənqurma və abadlıq işləri çərçivəsində parkda səki plitələri yenilənərək tamet daşları döşənib, yeni işıq dirəkləri və oturacaqlar quraşdırılıb, kiçik tullantıların atılması üçün zibil qutuları qoyulub.
Parkda mövcud yaşıllıqların bərpası ilə yanaşı 346 ədəd Eldar şamı, 24 ədəd Tuya ağacı və 67 ədəd Kiparis ağacı, 8000-dən artıq bəzək kolu, gül və çiçək əkilib.