Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib

05 noyabr 2021 | 16:00

Nizami Rayon İcra Hakimiyyətinin və 190 saylı körpələr evi-uşaq bağçasının birgə təşkilatçılığı ilə 04 noyabr 2021-ci il tarixində 8 Noyabr – Zəfər Günü münasibətilə “Zəfərimiz Sizinlə!” adlı tədbir keçirilib.

Tədbirdə ilk öncə 190 saylı uşaq bağça tərəfindən hazırlanmış “Salam, xarıbülbül!” ədəbi-bədii kompozisiya təqdim olunub, həmçinin uşaqların və müəllimlərin ifasında şeirlər səsləndirilib, mahnılar ifa olunub.

Tədbirdə Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin anası Gülnar Mirzəyeva, qardaşı Rəfael Mirzəyev cıxış edərək bildiriblər ki, Azərbaycanın Silahlı Qüvvələri ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən müharibədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün döyüş əməliyyatlarını yüksək səviyyədə həyata keçirməklə mənfur düşməni diz çökdürdü, şanlı Zəfər qazandı və tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Ötən hər gün bizi Vətən müharibəsindən zaman etibarilə uzaqlaşdırsa da, hərbçilərimizin şücaəti, canı, qanı bahasına qazanılan bu qələbə hər bir azərbaycanlı üçün son dərəcə əziz və qiymətlidir. Biz düz üç onillik ərzində torpaqlarımızın işğaldan azad ediləcəyinin ümidi ilə yaşamışdıq və qələbə müjdəsini gözləmişdik. Arzularımız 44 günlük Vətən müharibəsində çin oldu və biz böyük Qələbənin sevincini yaşadıq. 

Vətən müharibəsinin şəhidi Teymur Məcidzadənin anası Yasəmən Məcidzadə çıxışında vurğulayıb ki, xalqımızın  müzəffər ordumuza inamı və dəstəyi, həmçinin ölkəmizdə yaşanan milli və siyasi həmrəylik yaşadığımız qələbə sevincinin ideoloji əsasını təşkil etdi. Sözsüz ki,  tarixi qələbənin böyük əhəmiyyəti və əvəzolunmaz yeri qədirbilən xalqımız tərəfindən həmişə yüksək qiymətləndiriləcək, tarixdə əbədi qalacaq və heç vaxt unudulmayacaqdır. Vətən naminə canlarından keçən şəhidlərimizin əziz xatirəsi  qəlbimizdə daim yaşayacaq. Onların hər biri əsl qəhrəman, gələcək nəsillərə rəşadət və qorxmazlıq nümunəsidir.

Vətən müharibəsi iştirakçısı, Şuşa döyüşlərində yaralanan və 35 gün erməni əsirliyində qalan Mobil Əhmədzadə öz çıxışında qeyd edib ki, Qarabağın tacı olan Şuşamızın azad edilməsi tam qələbəmizi  müjdələyən  zəfər idi. Azərbaycan Böyük Qələbənin ilk addım səslərini noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edildiyi ilk saatlarda eşitdi. Bəli, bu qədim yurd yerimizin xilası ilə tam qələbəmizə yol açıldı.

190 saylı uşaq bağçasının  müdiri Nazilə Dəmirova çıxışında bildirib ki, Azərbaycanın şanlı tarixinə parlaq, qürurverici 10 noyabr günü qızıl hərflərlə daxil oldu. Uzun illərboyu  xalqımız bu tarixi ədalətin təntənəsini gözləyirdi. 44  günlük Vətən müharibəsi və tarixi qələbəmiz Azərbaycan xalqının nəyə qadir olduğunu göstərdi.

Tədbirin sonunda Nizami Rayon İcra Hakimiyyəti Başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Bəhman Hüseynov çıxış edərək bildirib ki, bu gün biz qalib ölkənin vətəndaşlarıyıq.  Hər bir Azərbaycan vətəndaşı  xoşbəxtdir ki, bu tarixi qələbənin şahidi oldu. Buna görə xalqımıza bu xoşbəxtliyi  və tarixi qələbə sevincini yaşadan müzəffər ordumuza borcluyuq.  Bu gün işğaldan azad edilən torpaqlarımızda xidməti borcunu yerinə yetirən əsgər və zabitlərimiz sülhü və sabitliyi təmin edirlər. Onlara bu şərəfli missiyanı yerinə yetirməkdə uğurlar arzulayır, Vətən üçün canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik!

Keçidlər