Şriftin ölçüsü :

Saytın rəngi :

Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib

30 may 2017 | 16:00

30 may 2017-ci il tarixində “Qayğı” Sağlam Nəsil Naminə İctimai Birliyinin və YAP Nizami Rayon Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə həmin günün 1950-ci il iyunun 1-də Birləşmiş Millət¬lər Təşkilatı Baş Assambleyası tərəfindən təşkil olunan Qadınların Beynəlxalq Konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər irəli sürülərək qəbul edildiyi və bu tarixdən etibarən dünyanın əksər ölkələrində 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunduğu diqqətə çatdırılıb.
YAP Nizami Rayon təşkilatı Gənclər Birliyinin sədri Sevinc Abdullayeva "Qayğı” Sağlam Nəsil Naminə İctimai Birliyinin təşkilatçılığı ilə ilk dəfə olaraq Daun sindromlu şəxslər və serebral iflicli uşaqlarla Azərbaycanın peşəkar idmançılarının birgə iştirak etdiyi idman oyunlarından ibarət yarışın təşkil edildiyini qeyd edərək, yarışın  məqsədinin daun sindromlu və serebral iflicli uşaqların nə qədər böyük gücə malik olduqlarını, onların bacarıq və iradələrini nümayiş etdirmək, onlarda pozitiv əhval-ruhiyyə yaratmaq, özlərinə inamlarını, əminliklərini artırmaq və sağlamlıq imkanları məhdud olan insanların cəmiyyətə inteqrasiyasını təmin etmək olduğunu qeyd edib.
Tədbirdə çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, Milli Məclisin deputatları Sədaqət Vəliyeva və İqbal Məmmədov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov daim qayğıya, şəfqətə ehtiyac duyan uşaqların hüquqlarının qorunması, onların layiqli vətəndaş kimi formalaşdırılmasının hər bir dövlətin başlı¬ca sosial məsuliyyətlərindən olduğunu qeyd edərək, ölkəmizdə bu istiqamətdə görülən işlərdən, həmçinin daun sindromlu şəxslərə göstərilən dövlət qayğısından söz açıblar. Natiqlər ulu öndərin müəyyənləşdirdiyi dövlət uşaq siyasətinin bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıblar. Natiqlər çıxışlarında öz ürək sözlərini bildirərək, daun sindromlu və serebral iflicli uşaqların timsalında, gələcəyimizi təmsil edən hər bir uşağı təbrik edib, onlara daim sevgi və nəvazişin əhatəsində olmağı arzulayıblar.
Tədbir mükafatlandırma mərasimi ilə davam etdirilib. 9 idman növü (voleybol, basketbol, futbol, qaçış, şahmat, gimnastika, badminton, üzgüçülük və güləş) üzrə keçirilən oyunlarda yer tutan uşaqlara medallar təqdim edilib.
Eyni zamanda "Qayğı” Sağlam Nəsil Naminə İctimai Birliyinə göstərdiyi diqqət, qayğıkeş münasibət və dəstəyə görə Azərbaycan Voleybol Federasiyası, Səbail Peşəkar Futbol Klubu, Astoria Fitnes & SPA Mərkəzi, həmçinin beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov və tanınmış güləşçi Rəsul Çunayev təltif olunublar.
Tədbirdə yarışla bağlı videoçarx nümayiş etdirilib, həmçinin Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin və Qayğı Uşaq Reabilitasiya Mərkəzinin hazırladığı bir-birindən maraqlı çıxışlar yer alıb. Bununla yanaşı, müğənni Röya Ayxan öz mahnıları ilə uşaqları sevindirib. Sonda uşaqlara hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.

Keçidlər