Nizami Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2017-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib
25 yanvar 2018 | 16:00
25 yanvar 2018-ci il tarixində 201 №-li tam orta məktəbdə Nizami Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2017-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.
Yığıncağı açan Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov son illər ölkədə həyata keçirilən genişmiqyaslı islahatlar, qəbul olunmuş dövlət proqramlarının uğurla icra edilməsi nəticəsində bir çox problemlərin öz həllini tapdığını qeyd edib, Keşlə qəsəbəsində də əhalini narahat edən məsələlərin aradan qaldırılması və onların sosial rifah halının yaxşılaşdırılması istiqamətində xeyli işlərin görüldüyünü söyləyib. Sonra A.Qasımov 2017-ci ildə qəsəbədə görülən işlər barədə ətraflı məlumat vermək üçün sözü Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə Qara Qarakişiyevə verib.
Yığıncaqda Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Qara Qarakişiyev qəsəbədə görülmüş işlər barədə məlumat verərək, abadlıq və quruculuq işləri aparıldığını, Babək prospektindən başlayaraq Heydər Əliyev prospektinə qədər 1-ci Köndələn, D.Aslan küçələrinə 20000 kv.m. asfalt örtüyünün çəkildiyini, səki daşlarının yenisi ilə əvəz edildiyini, hasarların, yol kənarında yerləşən müəssisələrin inzibatı binalarının və yaşayış evlərinin fasadlarının yenidən suvanaraq rəngləndiyini, 500 ədəd Eldar şamı və 2000 ədəd bəzək kolunun əkildiyini, 328 saylı məktəbin qarşısında 100 yerlik uşaq bağçasının tikintisinin davam etdirildiyini diqqətə çatdırıb.
Natiq qəsəbə ərazisində sahibkarlar tərəfindən müxtəlif iaşə və ticarət obyektləri, kiçik istehsal sahələri inşa edildiyini, xidmət sahələri tərəfindən qəsəbə sakinlərinin su, elektrik enerjisi və təbii qazla təminatı istiqamətində xeyli işlərin görüldüyünü və problemlərin yaranmaması üçün müvafiq tədbirlərin həyata keçirildiyini qeyd edib.
Q.Qarakişiyev 2017-ci ildə qəsəbənin P.Fərzəliyev küçəsində “Azərbaycan Dəmir Yolları” ASC”-nin sifarişi əsasında dəmiryolunun mühafizə zolagında yerləşən 500-ə yaxın ailənin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə köçürülməsinin təmin edildiyini, A.Mirzəyev küçəsinin yaxınlığında dəmiryolunun mühafizə zolagında olan 500 metrə qədər məsafənin sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə dəmir lövhələrlə hasarlandığını, eyni zamanda Babək prospektində müasir tələblərə uyğun olaraq ikitərəfli yolun əsaslı təmirinə başlandığını və hal-hazırda orada işlərin davam etdiridiyini yığıncaq iştirakçılarının nəzərinə çatdırıb.
Natiq qəsəbədə hər il olduğu kimi, ötən ildə də Qurban və Novruz bayramlarında şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, kimsəsiz və imkansız ailələrə bayram sovqatları verildiyini, Ramazan bayramında iftar süfrələri açıldığını, həmçinin qəsəbədə yaşayan aztəminatlı ailələrin sosial problemlərinin həlli yolunda müvafiq işlərin görüldüyünü bildirib.
Sonra məruzə ətrafında, Nizami rayon Enerji Təchizatı və Satışı İdarəsi İstismar şöbəsinin rəisi İmran Məmmədov, Keşlə bələdiyyəsinin sədri Ələmdar Bafadarov, 201 saylı məktəbin direktoru Süsən Salmanova, Keşlə sakini Tofiq Hüseynov çıxış ediblər.
Çıxışlardan sonra Keşlə qəsəbə sakinlərini narahat edən problemlər səslənib və aradan qaldırılması üçün rayon rəhbərliyindən köməklik göstərilməsi xahiş olunub.
Hesabat yığıncağına yekun vuran Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov Keşlə qəsəbəsində həllini gözləyən bir sıra məsələlərlə bağlı tapşırıq və tövsiyələrini, eyni zamanda sakinlər tərəfindən səsləndirilən problemlərin aradan qaldırılması üçün aidiyyəti təşkilatlara müvafiq göstərişlərini verib.