Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına, qarşıda duran vəzifələrə və 2017/2018-ci tədris ilinin nəticələrinə həsr olunmuş hesabat yığıncağı keçirilib

20 oktyabr 2018 | 16:00

20 oktyabr 2018-ci il tarixində Nizami Rayon İcra Hakimiyyətində 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına, qarşıda duran vəzifələrə və 2017/2018-ci tədris ilinin nəticələrinə həsr olunmuş hesabat yığıncağı keçirilib.

Yığıncaqda Milli Məclisin deputatları Sədaqət Vəliyeva və Rasim Musabəyov iştirak ediblər.

İlk öncə yığıncaq iştirakçıları İcra Hakimiyyətinin foyesindəki ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzərək onun əziz xatirəsini yad ediblər.

Yığıncağı Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov açaraq, oktyabr ayının 9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat iclasında dövlət başçısının bu ilin uğurlu il olduğunu, ilin əvvəlindən qarşıya qoyulan bütün vəzifələrin uğurla və vaxtında icra edildiyini, Azərbaycanın 2018-ci ildə də öz dinamik inkişafını təmin etdiyini və ölkəmizin əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşadığını vurğuladığını bildirib.

Sonra Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev 2018-ci ilin doqquz ayında Nizami rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında hesabatla çıxış edib.

İ.Mehdiyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 07 mart 2018-ci il tarixində Bakı Şəhər Statistika İdarəsinin yeni inzibati binasının, 27 mart 2018-ci il tarixində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə B.Çobanzadə küçəsi və M.Abbasov küçələrinin kəsişdiyi ərazidə tikilmiş Bona Dea Beynəlxalq Hospitalının açılışında iştirak etdiyini, 12 sentyabr 2018-ci il tarixində isə Keşlə qəsəbəsindəki 227 saylı tam orta məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olduğunu bildirib.

İ.Mehdiyev 2018-ci ilin doqquz ayında rayonda fəaliyyət göstərən müəssisələr tərəfindən 374723.8 min manat dəyərində sənaye məhsulu istehsal edildiyini, bunun da ötən ilin müvafiq dövrünə nisbətən 13 faiz çox olduğunu, maliyyə mənbələri hesabına 20620.3 min manat həcmində əsas fondların istifadəyə verildiyini, əsas kapitala 322902,1 min manat həcmində investisiya yönəldildiyini, bunun da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3.0 dəfə çox olduğunu, öz gücləri ilə yerinə yetirilən podrat işlərinin həcminin 187,9 milyon manat olduğunu, bunun da ötən ilin müvafiq dövrünə nisbətən 70,4 faiz çox olduğunu, 207,3 milyon manatlıq tikinti-quraşdırma işlərinin yerinə yetirildiyini, pərakəndə ticarət dövriyyəsinin həcminin 1515,1 milyon manat, əhaliyə göstərilən pullu xidmətlərin həcminin isə 249,1 milyon manat təşkil etdiyini, rabitə sahəsində 287344,5 min manat dəyərində (ötən ilin müvafiq dövrünə nisbətən 4,6 faiz çox), nəqliyyat sahəsində isə 77085,7 min manat dəyərində xidmətlər göstərildiyini diqqətə çatdırıb. Eyni zamanda, hesabat dövründə rayonda hamısı daimi olmaqla 3242 yeni iş yeri açıldığını, cari ilin yanvar-avqust aylarında rayon üzrə orta aylıq əmək haqqının 650,2 manat təşkil etdiyini, ünvanlı sosial yardım alan ailələrin sayının 508 nəfər, hər bir ailə üzrə orta aylıq məbləğin 150 manat təşkil etdiyini qeyd edib. Həmçinin, 2018-ci ilin yanvar-sentyabr aylarında Nizami Rayon Məşğulluq Mərkəzində işaxtaran kimi 2548 nəfərin qeydiyyata götürüldüyünü və mərkəzə müraciət edənlərdən 985 nəfərin münasib işlə təmin edildiyini nəzərə çatdırıb.

Bundan əlavə, İ.Mehdiyev ictimai-siyasi və humanitar, xidmət və təsərrüfat sahələri, asayişin qorunması üzrə görülən işlər barədə ətraflı məlumat verib.

Daha sonra Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova 2017/2018-ci tədris ilinin yekunları və rayonun təhsil müəssisələri tərəfindən yeni 2018/2019-cu dərs ilində qarşıda duran vəzifələrə dair hesabatla çıxış edib.

G.İsrafilova çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illərdə həyata keçirilən islahatlar sayəsində respublikamızda təhsilin inkişafı istiqamətində görülən işlərdən danışaraq, hazırda Azərbaycanda geniş bazaya malik təhsil infrastrukturun yaradıldığını qeyd edib. Həmçinin diqqətə çatdırıb ki, 2017/2018-ci dərs ilində rayonun orta ümumtəhsil məktəblərini 1913 şagird bitirmiş, onlardan 1776 nəfəri ali məktəblərə sənəd vermiş və Dövlət İmtahan Mərkəzinin verdiyi rəsmi məlumata görə, sənəd verənlərin 1190 nəfəri, yəni 67,0%-i tələbə adını qazanmışdır (Ötən ilki qəbul 65,3% təşkil etmişdir). 2017-ci ildə rayon üzrə 2 məzun 700 bal (ötən il 1 nəfər), 174 məzun isə 600-dən yuxarı bal (ötən il 123 nəfər) toplamış, onlardan da 79 nəfəri (ötən il 58 nəfər) 650 baldan yüksək nəticə göstərmişdir. 500-599 intervalında bal toplayan məzunların sayı 195 nəfər (ötən il 210 nəfər) olmuşdur.

Təhsil sahəsində qazanılan uğurları qeyd edən G.İsrafilova bildirib ki, belə uğurların davam etdirilməsi üçün rayonumuzun təhsil işçiləri səylə çalışmalı, öz işlərini müasir tələblər səviyyəsində qurmalı, hər bir şagirdin dərin və hərtərəfli bilik alması üçün bütün imkanlardan səmərəli istifadə etməlidirlər.

Yığıncaqda çıxış edən “Azəristiliktəchizat” ASC-nin 16 saylı İstilik Sistemləri İstismar Sahəsinin rəisi Mustafa Əhmədov cari ilin doqquz  ayı ərzində görülmüş və qarşıda duran işlər barədə ətraflı məlumat verib.

Milli Məclisin deputatları Sədaqət Vəliyeva və Rasim Musabəyov çıxışlarında ölkəmizin, eləcə də Nizami rayonunun sosial-iqtisadi və ictimai-siyasi həyatında əldə olunan uğurlu nəticələrdən, mövcud problemlərdən və onların aradan qaldırılması yollarından danışıblar. Eyni zamanda, təhsildə nailiyyət qazanmış məzunları və fəxri adlara layiq görülmüş müəllimləri təbrik ediblər.   

Çıxışlardan sonra A.Qasımov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 31 iyul 2018-ci il tarixli Sərəncamına əsasən dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif olunan Nizami Rayon İcra Hakimiyyəti  başçısının müavini Gülnaz İsrafilovaya “Dövlət qulluğunda fərqlənməyə” görə medalını təqdim edib.

Daha sonra, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 04 oktyabr 2018-ci il tarixli Sərəncamına əsasən Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə “Əməkdar müəllim” fəxri adına layiq görülən “Zəngi” liseyinin riyaziyyat müəllimi Bağırov Arif Rəşid oğlu, 201 №-li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Xəlilova Afət Mürşüd qızı və “Tərəqqi” medalı ilə təltif edilmiş 32 №-li tam orta məktəbin direktor müavini Şıxəliyeva Yeganə Şıxəli qızı, 650-dən yuxarı bal toplayaraq tələbə adını qazanmış məzunlar təbrik edilib və hədiyyələr təqdim olunub.

Təbriklərdən sonra çıxış edən “Zəngi” liseyinin məzunu Leyla Şükürlü təhsil sahəsinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib və bitirdiyi liseyin müəllim kollektivinə qazandığı uğurlara görə təşəkkür edib.

Yığıncağı yekunlaşdıran Rayon İcra Hakimiyyətinin başçısı A.Qasımov təhsil işçilərini və məzunları qazandıqları uğurlara görə bir daha təbrik edib və qarşıda duran vəzifələrə dair aidiyyəti müəssisə rəhbərlərinə tapşırıqlarını verib.

Keçidlər