Şriftin ölçüsü :

Saytın rəngi :

Sənayeləşmə Prezident İlham Əliyevin iqtisadi siyasətinin mühüm tərkib hissəsidir

16 sentyabr 2020 | 16:00

Bu gün Azərbaycanın davamlı iqtisadi inkişafı, makroiqtisadi sabitliyin möhkəmlənməsi, əhalinin rifahının daha da yüksəlməsi, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında Prezident İlham Əliyevin məqsədyönlü siyasəti durur. Məhz bu siyasətin nəticəsində neçə illərdir ki, dünyada davam edən iqtisadi böhrana baxmayaraq, Azərbaycan sürətlə inkişaf edən ölkələrdən olmuş, makroiqtisadi sabitlik qorunmuş, iqtisadiyyatın rəqabət qabiliyyəti artmış, nəzərdə tutulan bütün sosial proqramlar, infrastruktur layihələr icra edilmişdir. Cənab Prezident tərəfindən həyata keçirilən sosial-iqtisadi siyasət, o cümlədən bu siyasətin prioritet istiqamətlərindən olan iqtisadiyyatın şaxələndirilməsi həlledici rola malik olmuşdur. Bunun nəticəsidir ki, son illərdə də iqtisadiyyatın artımı əsasən qeyri-neft sektorunun inkişafı hesabına təmin olunmuş, ümumi daxili məhsulda qeyri-neft sektorunun xüsusi çəkisi artmışdır. Ötən illər ərzində müasir infrastruktur təminatının yaradılması, çoxsaylı layihələrin icrası, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi, regionların inkişafı strategiyasının uğurla həyata keçirilməsi dayanıqlı iqtisadi inkişaf üçün möhkəm təməl formalaşdırmışdır. Bununla yanaşı, aparılan sənayeləşmə siyasəti, xüsusilə qeyri-neft sənayesinin, habelə informasiya-kommunikasiya texnologiyalarının, kənd təsərrüfatının, turizmin inkişafı ilə bağlı görülən kompleks işlər və digər tədbirlər qeyri-neft sektorunun sürətli inkişafına təkan vermiş, ölkəmizin enerji, ərzaq, nəqliyyat və ekoloji təhlükəsizliyinin gücləndirilməsini, əhalinin rifahının davamlı yüksəlməsini təmin etmişdir.

Sənayeləşmə Prezident İlham Əliyevin iqtisadi siyasətinin mühüm tərkib hissəsidir. Əsas məqsəd tələbatın ödənilməsində yerli məhsulların payının artırılması, ixrac potensialının yüksəldilməsi, ümumilikdə neft-qaz amilindən asılılığın daha da azaldılmasıdır. Ölkənin qeyri-neft sektorunun davamlı inkişafı, ölkə iqtisadiyyatının ixrac qabiliyyətinin, eləcə də rəqabətqabiliyyətli, idxalı əvəz edən məhsulların istehsalının artırılması, ətraf rayonlarda məşğulluğun təmini, investisiyaların və müasir texnologiyaların cəlb edilməsi kimi öncül vəzifələrin yerinə yetirilməsi baxımından sənaye parklarının yaradılması xüsusilə əhəmiyyətlidir.

Cənab  İlham Əliyev 14 sentyabr 2020-ci il tarixində Sumqayıt Kimya Sənaye Parkının nəzdində  Peşə Təhsil Mərkəzinin açılışında demişdir: “Daxili tələbat nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin edilməlidir. Burada Sumqayıt şəhərinin və xüsusilə Kimya Sənaye Parkının mühüm rolu var. Son illərdə bu işləri görməklə buna böyük dərəcədə müvəffəq olmuşuq. İndi əsas işimiz ondan ibarətdir ki, baxmalıyıq, harada bizdə idxaldan asılılıq daha böyükdür və bunu əvəzləmək mümkündürsə, bunun üçün xammal varsa, yaxud da texniki-iqtisadi əsaslandırma buna imkan verirsə, mütləq həmin sahələrə böyük diqqət göstərilməlidir. Belə təşəbbüs göstərən şirkətlərə həm rezident statusu verilməlidir, eyni zamanda, dövlət tərəfindən onlara kömək göstərilməlidir, güzəştli kreditlər ayrılmalıdır ki, idxaldan asılılığı maksimum dərəcədə azalsın. Çünki hər bir ölkə buna çalışır və xüsusilə əhalisi artan ölkə - Azərbaycan buna mütləq çalışmalıdır”.

Qeyd edək ki, ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaq, bu sahədə sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 dekabr tarixli Fərmanı ilə Sumqayıt Kimya Sənaye Parkı yaradılmışdır. Sumqayıt Kimya Sənaye Parkının artıq 21 rezidenti var. Parkın ərazisində kimya sənayesi, tikinti sənayesi və digər sənaye sahələri üzrə müəssisələrin – parkın rezidentlərinin fəaliyyət göstərməsi üçün böyük imkanlar yaradılır.

Sənayeləşdirmə strategiyasının uğurlarını Sumqayıt Kimya Sənaye Parkının timsalında real rəqəmləri əks etdirən statistikadan da görmək olar. Sumqayıt Kimya Sənaye Parkında məhsul istehsalı və ixrac istiqamətində müsbət dinamika mövcud olmuş, ümumilikdə 2019-cu ildə Sumqayıt Kimya Sənaye Parkında 823 milyon manatlıq məhsul istehsal edilmiş, bunun da 276 milyon manatı - təqribən 33 faizi ixrac olunmuşdur. 2020-ci ilin ilk 6 ayı ərzində 534 milyon manatlıq məhsul istehsalı ilə Sumqayıt Kimya Sənaye Parkının ölkə sənayesinin qeyri-neft sektorunda (5,7 milyard manat) xüsusi çəkisi 9,3 faiz, 182 milyon manatlıq ixracla ölkə üzrə qeyri-neft sənaye məhsullarının ixracında (910 milyon manat) xüsusi çəkisi 20 faiz təşkil etmiş, hazırda parkda fəaliyyət göstərən müəssisələrdə 5500-dən çox insan daimi işlə təmin olunmuşdur.

Sumqayıt Kimya Sənaye Parkının nəzdində Peşə Təhsil Mərkəzinin açılışında cənab Prezident demişdir: Sumqayıt bu gün nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir. Bu gün biz Sumqayıt Kimya Sənaye Parkının timsalında yeniləşən, güclənən Azərbaycanı görürük. Sumqayıtın potensialı daha da güclənir. Bu il burada şüşə istehsalı zavodu da fəaliyyətə başlayacaq. Oraya da böyük investisiyalar qoyulub və daxili tələbatımızı təmin edəcəkdir. Baxmayaraq ki, indi tikinti sektoru pandemiyaya görə bir qədər tənəzzülə uğrayıb, amma o, bərpa edilir və ediləcək. Biz özümüzü yerli şüşələrlə təmin edəcəyik. Bu da böyük nailiyyətdir”.

Azərbaycan bu gün sürətlə inkişaf edən ölkə kimi dünya dövlətləri içərisində yerini möhkəmlətməkdə davam edir və region ölkələri içərisində özünün hərtərəfli inkişafını təmin edən iqtisadi konsepsiyaya malikdir.

Cənab Prezidentin söylədiyi kimi, dünyada yaşanan pandemiya nəticəsində dərinləşən böhran ölkəmizdə də bir çox şirkətlərə mənfi təsir göstərib. Məhz bu şəraitdə biz elə addımlar atmalıyıq ki, postpandemiya dövrünə ən hazırlıqlı ölkələr sırasında olaq və dərhal, vaxt itirmədən yeni inkişaf dinamikasına sahib olaq. Bu işdə xaricdə yaşayan və iqtisadiyyat, kommersiya, biznes sahələrində böyük uğurlar əldə edən azərbaycanlı iş adamları da Azərbaycana vəsait qoyuluşuna cəlb edilməlidirlər. Çünki Azərbaycan onların da vətənidir və onlar hər zaman Azərbaycanın dəstəyini görürlər, güclü Azərbaycan onların da gücünü artırır.

 

Bəhman Hüseynov
İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin müdir müavini

Keçidlər