Şriftin ölçüsü :

Saytın rəngi :

Tarixi ədalətin bərpası

06 oktyabr 2020 | 16:00

Sentyabr ayının 27-dən etibarən Şanlı Ordumuz vətənimizin bir parçası olan Qarabağın erməni işğalından azad edilməsi üçün hərbi əməliyyatlara başlamışdır. Bu əməliyyatlar əks-hücum xarakteri daşıyır. Çünki Ermənistan tərəfi artıq uzun müddətdir ki, bizi bu müharibəyə təhrik edirdi. Onlar hər vasitə ilə danışıqları pozur və hərbi təxribatlar törədirlər. Yəni bu müharibənin başlanmasında Ermənistan birbaşa günahkardır. Müharibənin başlanmasında beynəlxalq təşkilatlar da günahkardır. Əgər onlar düzgün mövqe tutsaydılar heç bu müharibə də başlanmazdı. Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verərkən səsləndirmişdir. Cənab Prezidentin fikrincə beynəlxalq təşkilatlar təcavüzkara kifayət qədər praktiki təzyiq göstərməmişlər. Bu da beynəlxalq hüququn işləmədiyinin və ya selektiv üsulla işlədiyinin göstəricisidir.

Ermənistanda son iki ildə “inqilab”dan sonra baş verənlərə nəzər yetirəndə aydın olur ki, onların məqsədi danışıqları tamamilə pozmaq idi. İyulun 12-də Tovuz rayonunda baş verən hadisələr, avqustun 23-də düşmənin diversiya qrupunun ərazimizə daxil olması bunun bariz nümunəsidir. Düşmən ölkənin baş nazirinin irəli sürdüyü yeddi ilkin şərt isə heç cür qəbuledilməzdir. Bunu təkcə Azərbaycan yox, həm də Minsk qrupu rədd etdi. Qondarma “Dağlıq Qarabağ liderinin qondarma “andiçmə” mərasiminin Şuşa şəhərində təşkil olunması isə xalqımızın hisslərini təhqir etməkdən başqa bir şey deyildi.

Hərbi əməliyyatlara başlayan Azərbaycan tərəfi olmasa da, biz özümüzü müdafiə etməli idik. Azərbaycanın qəhrəman əsgərləri cəbhədə düşmənin cavabını layiqincə verir. Torpaqlarımız düşmən tapdağından azad edilir. Bu da düşməni qorxuya salır. Düşmən tərəf münaqişəni regional münaqişəyə çevirməyə çalışır. Türkiyəyə məxsus F-16 təyyarəsinin onların Su-25 təyyarələrini vurması haqqında dezinformasiya yayır. Təbii ki, qardaş ölkə olan Türkiyə lap əvvəldən Azərbaycanın yanında olduğunu bildirmişdir, lakin cənab Prezidentin də vurğuladığı kimi bizim kifayət qədər güclü ordumuz var. İnsan ehtiyatlarımız kifayət qədərdir. Azərbaycan ordusu torpaqlarımızı özü azad edir. Bu işdə bizə dəstək olan bütün dövlətlərə minnətdarıq. Yəni biz bu münaqişənin regional münaqişəyə çevrilməsinə imkan vermərik.

Cənab Prezidentin də müsahibəsində vurğuladığı kimi, bizim mövqeyimiz dəyişməzdir. Biz tamamilə beynəlxalq hüquqa müvafiq hərəkət edirik. Bu haqlı davamızda həm Prezidentimizə, həm də Şanlı Ordumuza uğurlar arzu edirəm. Həmişə sizin yanınızdayıq. Qarabağ Azərbaycandır!

 

İlqar Tahir oğlu Əliyev
Yuri Kovalyov adına 229 nömrəli tam orta məktəbin müəllimi

Keçidlər