Şriftin ölçüsü :

Saytın rəngi :

Münaqişənin həlli yolu

06 oktyabr 2020 | 16:00

Dağlıq Qarabağ ətrafında aparılan ideoloji müharibə ermənilər tərəfindən hələ xeyli əvvəl başlanmışdır. Ermənilər üçün Dağlıq Qarabağ problemi keçid mərhələ kimi qiymətləndirilir. Belə ki, Dağlıq Qarabağın «erməniləşdirilməsi» «Böyük Ermənistan» dövlətinin yaradılmasının bir mərhələsi kimi qəbul edilir. Bununla yanaşı, ermənilər artıq Azərbaycanın digər bölgələrinin «erməniləşdirilmə»sinin ideoloji əsaslarının yaradılması istiqamətində öz fəaliyyətlərini cəmləşdirmişlər. Bu baxımdan Dağlıq Qarabağ ətrafında davam etdirilən ideoloji müharibənin əsas amillərinin təhlil edilməsi böyük əhəmiyyət kəsb edir. Ermənilərin Qarabağa aid iddiaları XX əsrin əvvəllərindən özünü açıq şəkildə büruzə verməyə başlamışdır. Belə ki, keçən əsrin əvvəllərində Ermənistanın Dağlıq Qarabağa aid iddiaları Azərbaycan Demokratik Cümhuriyyəti arasında müharibə ilə nəticələnmişdi. Sovetlər imperiyasında isə bu qarşıdurma daxili siyasi səviyyəyə çatdırılmış və mübahisəli ərazilərin gələcəkdə ayrılması üçün muvafiq əsasların yaradılmasına yönəldilmişdir. Bu fəaliyyətin nəticəsi kimi ermənilərin şüuruna müvafiq təsirin göstərilməsi önəmli tədbirlərdən olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı  İlham Əliyev beynəlxalq ictimaiyyət qarşısında qeyd etmişdir ki, Ermənistan, onun silahlı qüvvələri əsirlərə, girovlara dair beynəlxalq konvensiyaları kobud şəkildə pozmuş, kütləvi surətdə dinc əhalidən girov götürmüş, onlara dəhşətli işgəncələr vermiş, kütləvi surətdə güllələmiş, əsir və girovlardan Azərbaycan hakimiyyətinə qarşı təzyiq vasitəsi kimi istifadə etmiş və digər qanun pozuntularına yol vermişdir. Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına 3 oktyabr 2020-ci il tarixdə verdiyi müsahibəsində bildirmişdir ki, Ermənistan müharibə istəyir. Onlar torpaqları həmişəlik işğal altında saxlamaq istəyirlər, bu da münaqişənin bu qədər uzun çəkməsinin səbəbidir. Əgər Ermənistan iradə göstərsə idi və əsas beynəlxalq təşkilatların qətnamələrinə uyğun şəkildə davransa idi, münaqişə uzun illər bundan əvvəl həll edilmiş olardı. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr kağız üzərində qalmaqdadır. Həll yolunun tapılması üçün vasitəçilik aparmaq məqsədilə Minsk qrupu artıq 28 ildir ki, fəaliyyət göstərir və heç bir nəticə yoxdur. Bunun əsas səbəbi Ermənistanın mövqeyidir, ikinci səbəb Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına başlamaq üçün vasitəçilər tərəfindən təkid göstərilməməsi və təzyiqin olmamasıdır. Beynəlxalq hüququn normaları və beynəlxalq təşkilatların qərar və qətnamələri baxımından çox geniş dəstək var. Beynəlxalq ali orqan olan BMT-nin Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının geri çəkilməsini tələb edən qətnamələr qəbul etmişdir. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası eynisini edib. İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti kimi digər beynəlxalq təşkilatlar və başqaları da eynisini edib, lakin bu, kifayət etmir.  Münaqişənin həlli üçün hüquqi çərçivəmiz var, amma təcavüzkara kifayət qədər praktiki təzyiq yoxdur. Beləliklə, burada beynəlxalq hüquq və reallıqda baş verənlər arasında ziddiyyət görürük. Azərbaycan hətta torpaqlarına təcavüz olduqdan sonra da vasitəçilik missiyalarından imtina etməyərək, münaqişənin ATƏT-in Minsk qrupu çəpçivəsində həllinə tərəfdar olduğunu bildirdi. Azərbaycan beynəlxalq təşkilatların, xüsusilə də münaqişəni dinc vasitələrlə nizama salmaq üçün fəaliyyət göstərən ATƏT-in sülhyaratma təkliflərinə hörmətlə yanaşaraq onun işində müntəzəm və əməli şəkildə iştirak edir. Çox təəssüf ki, münaqişənin dinc vasitələrlə aradan qaldırması sahəsində ATƏT-in Minsk qrupunun və dünya birliyinin göstərdiyi səylər təsirli nəticələr verməmişdir. Buna səbəb, bir tərəfdən Ermənistan Respublikasının qeyri-konstruktiv mövqedən çıxış edərək güzəştə getmək istəməməsidirsə, digər tərəfdən beynəlxalq təşkilatların, xüsusilə ATƏT-in Minsk qrupunun qarşılıqlı güzəşt prinsipini üstün tutaraq, ikili standartlar mövqeyindən çıxış etməsidir. Bundan başqa, ATƏT-in başlıca çatışmazlıqlarından biri də, ATƏT çərçivəsində və onun himayəsi altında müqaviləni pozan, eyni zamanda onu yerinə yetirməkdən imtina edən tərəfə sanksiya tədbiqetmə mexanizminin olmamasıdır. Artlq elə zaman gəldi ki, Azərbaycan xalqı Ali Baş Komandanın əmri ilə Qarabağın müqəddəratını öz gücü, əzmi ilə həll etmək üçün silaha sarıldı. "Qarabağ Azərbaycandır" fikrini milli şuara çevirən Azərbaycan Prezidenti xalqa müraciətində demişdir: “Başqasının torpağında Azərbaycanın gözü heç vaxt olmayıb. Azərbaycan yalnız tarixən ona məxsus olan torpaqların geri qaytarılmasını istəyir. Mənasız danışıqlarda Azərbaycan iştirak etməyəcəkdir. Aparılan danışıqlar və onun formatı faktiki olaraq münaqişənin dondurulmasına xidmət edib. Sülhsevər Azərbaycan xalqı danışıqlara inanıb. Diplomatik üsullara sadiq olub. Beynəlxalq birliyə etibar edib. Xalqımızın etibarından istifadə olunub, onun səbri ilə oynayıblar. BMT Təhlükəsizlik Şurasının qətnamələri 27 ildir kağız üzərindədir. Cəbrayıl şəhərinin və Cəbrayıl rayonunun doqquz kəndinin işğaldan azad edilməsi Azərbaycan xalqının qələbə salnaməsinin parlaq səhifələrindəndir". Şanlı Azərbaycan Ordusu Ali Baş Komandanın çağırışına səs verərək tarixi torpaqlarımız olan Qarabağımız uğrunda böyük cəsarətlə döyüşür, hər gün yeni zəfər xəbərləri ilə xalqımıza mənəvi güc verirlər.

 

Xanım Qasımova
220 saylı məktəb-liseyin müəllimi
Keçidlər