Şriftin ölçüsü :

Saytın rəngi :

Tarixi həqiqət Azərbaycanın tərəfindədir

17 oktyabr 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 15-də Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibəsində sentyabrın 27-də Azərbaycanın Ermənistan silahlı qüvvələrinin növbəti hücumuna məruz qaldığını və  son üç ay ərzində birinci hücumun olmadığını, iyul ayında da dövlət sərhədində buna bənzər, lakin nisbətən kiçik miqyaslı hadisə baş verdiyini və hücumun dəf edildiyini diqqətə çatdırmışdır. Daha sonra avqust ayında da Azərbaycanın dinc əhalisinə və hərbi qulluqçularına qarşı terror aktları törətmək üçün Ermənistan tərəfindən təxribat qrupunun göndərildiyini və bu qrupun başçısının saxlanıldığını bildirmişdir. Sentyabrın sonunda yaşayış məntəqələrimizin yenidən artilleriya atəşlərinə məruz qaldığını, ilk saatlardan bizdə həm dinc əhali, həm də hərbi qulluqçular arasında tələfat olduğunu söyləmişdir.  Cənab Prezident müsahibədə bu günə qədər bizdə dinc əhali arasında 43 nəfərin həlak olduğunu və 200-dən çox yaralı olduğunu, təmas xəttinə yaxın kəndlərdə və şəhərlərdə 2 minə yaxın evin ya tamamilə dağıdıldığını, ya da zərər çəkdiyini qeyd etmişdir.

Cənab İlham Əliyev təəssüf hissi ilə bildirmişdir ki, atəşkəs parametrləri razılaşdırıldıqdan sonra da Ermənistan tərəfindən artilleriya atəşləri davam edir, o cümlədən Gəncə şəhərinin vəhşicəsinə bombardman edilməsi nəticəsində 10 nəfər dinc sakin həlak olub və 40-a yaxın adam yaralanıb. Döyüş meydanında erməni tərəfin itkilərinin bizim itkilərdən xeyli çox olduğunu vurğulayan dövlət başçısı hərbi qulluqçular arasında itkilərimizin münaqişənin qaynar fazası başa çatandan sonra elan ediləcəyini bildirmişdir.

Döyüş əməliyyatlarının nəticəsindən danışan ölkə başçısı Azərbaycan Ordusu üçün çox uğurlu olduğunu, bu günə qədər onlarca yaşayış məntəqəsi, o cümlədən Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun kəndlərinin çox hissəsi, Füzuli rayonunun kəndlərinin əksəriyyəti, strateji əhəmiyyətli Suqovuşan qəsəbəsinin işğaldan azad edildiyini, işğalçıların Murovdağ silsiləsindəki strateji yüksəkliklərdən çıxarıldığını bildirmiş və ölkəmizin ərazi bütövlüyünün bərpası üzrə uğurlu əməliyyatın davam etdirildiyini nəzərə çatdırmışdır.

Dmitri Kiselyovun Suriyadan və ya Liviyadan olan muzdluların Azərbaycan Ordusu tərəfində iştirak etməsi barədə müxtəlif mənbələrdən xəbərlər eşidilməsi barədə sualına cənab Prezident bildirmişdir: “Azərbaycanda hər hansı xarici hərbi iştiraka ehtiyac yoxdur. Bizim orduda 100 mindən çox döyüşçü var. Zərurət yaranarsa, səfərbərlik hesabına bu rəqəm bir neçə dəfə artırıla bilər. Bu gün malik olduğumuz silahlı dəstələr onların qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə tam qadirdir. Erməni hərbi texnikasının məhv edilməsi kadrları internetdə əlçatandır. Əlbəttə, heç bir muzdlunun bu dərəcədə ixtisası və belə texniki imkanları yoxdur. Biz təkcə pilotsuz zərbə uçuş aparatları vasitəsilə düşmənin 1 milyard dollardan artıq dəyərində hərbi texnikasını məhv etmişik. Buraya bizim malik olduğumuz başqa vasitələr daxil deyil. Azərbaycan Ordusunun potensialı məlumdur. Bizim nəyə malik olduğumuz heç kəs üçün sirr deyil. Buna görə bizim əlavə hərbi qüvvələrə ehtiyacımız yoxdur. Azərbaycan beynəlxalq terrorizmə qarşı həmişə ardıcıl mübariz olub. Əlbəttə, hansısa terror təşkilatlarının bizim ərazimizdə yuva salmalarına, xüsusən bizim xalqımız və qonşularımız üçün təhdid mənbəyi olmalarına heç vaxt imkan verməyəcəyik. Biz buna heç vaxt imkan verməyəcəyik. Azərbaycan ərazisində indiki hərbi toqquşmalarda iştirak edən xarici silahlı dəstələrin mövcudluğu barədə heç kəs bizə heç bir sübut təqdim etməyib. Bizim rəsmi mövqeyimiz belədir ki, bizdə heç bir əcnəbi muzdlu yoxdur”.

10 oktyabr tarixli Moskva razılaşmalarında nizamlamanın baza prinsipləri ilə bağlı açıqlama verən dövlət başçısı bu prinsiplərin 10 ildən artıq müddətdə işlənib hazırlandığını, Ermənistanın əvvəlki rəhbərliyi ilə iş prosesində mövqelərimizin razılaşdırılması istiqamətində çox fəal irəliləyişlər olduğunu, hər iki tərəfin siyasi nizamlama yolu ilə getmək arzusu nümayiş etdirdiyini söyləmişdir.  Lakin Ermənistanın indiki rəhbərliyinin hakimiyyətə gəlməsi ilə erməni tərəfin o vaxta qədər əldə edilənlərin hamısını sadəcə kənara atdığını, danışıqların formatını dəyişməyə, qondarma “Dağlıq Qarabağ respublikası”nın qondarma “hakimiyyət orqanları”nı danışıqlara cəlb etməyə cəhd göstərdiyini və bu cəhdin həm tərəfimizdən, həm də ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən rədd edildiyini diqqətə çatdırmışdır. Baza prinsipləri ilə bağlı ölkə başçısı bildirmişdir ki, Azərbaycanın işğal edilmiş rayonlarının mərhələli şəkildə azad olunması nəzərdə tutulur, birinci mərhələdə işğal edilmiş ərazilərin cənub-şərq hissəsindəki 5 rayon, ikinci mərhələdə Dağlıq Qarabağ ilə Ermənistan arasında yerləşən ərazilər – Laçın və Kəlbəcər rayonları işğaldan azad edilməli, bütün kommunikasiyalar, o cümlədən Ermənistan-Azərbaycan sərhədinin digər hissələrində yerləşən kommunikasiyalar açılmalı, qaçqınlar və məcburi köçkünlər əvvəlki yaşayış yerlərinə qaytarılmalıdır. Bu, azərbaycanlı köçkünlərin həm Şuşa ərazisinə, həm də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin digər rayonlarının ərazisinə qaytarılmasını və Dağlıq Qarabağın tərəflər arasında razılaşdırılmalı olan qəti statusunun müəyyən edilməsinə dair danışıqları nəzərdə tutur.

Cənab Prezident müsahibədə mövqeyimizin həmişə çox konstruktiv, ardıcıl olduğunu, bu mövqeni həm də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyini, Ermənistan qüvvələrinin bizim ərazilərdən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamənin yerinə yetirilməsi baxımından beynəlxalq hüququn normalarına əsaslandığını bildirmişdir. “Qırmızı xətlərə” gəldikdə isə Azərbaycanın ərazi bütövlüyünün heç bir şərtlə pozula bilmədiyini, Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə heç bir şərtlə razılıq verməyəcəyini vurğulamışdır.

Hər bir müharibənin qəddarlıq, qurbanlar, insanların iztirabları, yaxın adamların itirilməsi demək olduğunu söyləyən ölkə başçısı, Azərbaycan xalqı üçün bu müharibənin azadlıq müharibəsi, Ermənistan üçün isə işğalçılıq müharibəsi olduğunu bildirmişdir.  Qondarma “Dağlıq Qarabağ ordusu” olmadığını artıq beynəlxalq vasitəçilərin də bildiyini söyləyən cənab Prezident, bu gün erməni tərəfin belə adlandırdığı birləşmədəki hərbi qulluqçuların 90 faizinin Ermənistan vətəndaşı olduğunu, onların hərbi xidmətə Ermənistanın hərbi komissarlıqları tərəfindən çağırıldığını və Azərbaycanın işğal edilmiş ərazilərinə - Ağdama, Füzuliyə, Cəbrayıla, Kəlbəcərə, Qubadlıya, Laçına, Zəngilana göndərildiyini, bu gün Ermənistanın işğalçı qüvvələrinin Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazilərində olduğunu bildirmişdir.

Cənab Prezident müsahibənin sonunda tarixi faktlara əsaslanaraq  bildirmişdir: XIX əsrin əvvəlində Qarabağ və Şuşa xanı İbrahimxəlil, – onun statusu məhz belə olub, – Qarabağ xanlığının Rusiyanın tərkibinə daxil olması barədə general Sisiyanovun şəxsində çar Rusiyası ilə müqavilə bağlayıb. Kürəkçay müqaviləsi adlanan bu sənədin mətni internetdə yerləşdirilib. Onunla hər kəs tanış ola bilər. Bu müqavilədə Qarabağ xanlığının erməni əhalisi barədə bircə kəlmə də deyilməyib. Erməni əhalisinin bu regiona kütləvi şəkildə köçürülməsi 1813-cü və 1828-ci illərdə iki Rusiya-İran müharibəsindən sonra başlanıb və o vaxtdan müasir İran ərazisindən və qismən Şərqi Anadoludan ermənilərin Qarabağ regionuna kütləvi şəkildə köçürülməsi başlanıb. Bu, həmin torpağın tarixən kimə məxsus olması barədə. Rusiya imperiyası dağılandan sonra, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti və müstəqil erməni dövləti yaradıldı. Azərbaycan Xalq Cümhuriyyəti bütün bu ərazilər çərçivəsində yaradılmışdı. Üstəlik, Azərbaycan Xalq Cümhuriyyəti onun yaradılmasının elan edilməsinin ertəsi günü İrəvan şəhərinin paytaxt kimi Ermənistana verilməsi barədə qərar qəbul etdi. Bu da tarixi faktdır. 1921-ci ildə Qafqaz Bürosu Dağlıq Qarabağın, bəzi yalançı tarixçilərin dedikləri kimi Azərbaycana verilməsi haqqında deyil, onun Azərbaycanın tərkibində saxlanılması haqqında qərar qəbul etdi. Bu regionun tarixi belədir.

Dövlət başçısı Azərbaycan və Rusiyanın çoxəsrlik dostluq, əməkdaşlıq, qarşılıqlı anlaşma telləri ilə bağlı olduğunu, müxtəlif istiqamətlərdən nifaq salmaq, müəyyən etimadsızlıq yaratmaq cəhdləri olmasına baxmayaraq, heç bir qüvvənin buna təsir göstərə bilməyəcəyini vurğulamışdır. Rusiya və Azərbaycan rəhbərliyinin ardıcıl siyasəti sayəsində münasibətlərin geriləmədiyini, irəliyə getdiyini və bu gün Rusiya və Azərbaycan bir-birini strateji tərəfdaşlar adlandırdıqlarını diqqətə çatdırmışdır.

Cənab Prezident əsas amalının Azərbaycan xalqının etimadını doğrultmaq, bu vəzifədə olduğu bütün illər ərzində verdiyi vədləri yerinə yetirmək və ölkəni inkişaf yolu ilə aparmaq, onun ərazi bütövlüyünü təmin etmək olduğunu vurğulamışdır.

Azərbaycan xalqının iradəsi cənab İlham Əliyevin bu uğurlu siyasətinə şübhəsiz yüksək dəyər verir və verəcəkdir. 

 
 
Keçidlər