Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident cənab İlham Əliyevin gücü və qətiyyəti

29 oktyabr 2020 | 16:00

Dövlət başçısı İlham Əliyevin ABŞ-ın “Fox News” televiziya kanalına verdiyi müsahibənə Prezidentin əvvəlki müsahibələri kimi çox əhatəli və olduqca maraqlı idi.

Məlum olduğu kimi, sentyabrın 27-də başlayan müharibəni Azərbaycan tərəfi başlatmamışdır. Ermənistanın bu müharibəni başlamaqda məqsədi danışıqlar prosesinə zərbə vurmaq idi. Ermənistanın buna uzun müddətdir ki, hazırlaşdığını iyulda baş vermiş Tovuz hadisələri və avqust ayında Azərbaycan ərazisinə diversiya qrupu göndərməsi sübüt edir. Sentyabr 27-dən onlar hücuma keçdilər. Erməni tərəfi əsasən mülki əhalini hədəfə aldı. Bu günə qədər mülki əhali arasında ölən vətəndaşlarımızın sayı 60-dan çoxdur, 300-dən çox yaralı var. Bu da ermənilərin əsl xislətini aydın göstərir.

Azərbaycanın hərəkəti sadəcə özünü müdafiə idi. Cavab çox adekvat oldu və işğal olunmuş ərazilərin mühim hissəsi azad edildi. Azərbaycan həmişə sülh danışıqlarına sadiq olub. Bunu Azərbaycanın danışıqlara 30 il səbirlə dözməsi göstərir. Biz BMT-nin 1993-cü ildə qəbul etdiyi qətnamələri həyata keçirdiyi günü gözlədik. ATƏT-in Minsk Qrupunun fəaliyyətinə ümid bəslədik. Lakin bu danışıqlar nəticəsiz qaldı. Beynəlxalq qurumlar öz  üzərlərinə düşən funksiyanı yerinə yetirmədilər. Ermənistan isə bundan ruhlanaraq öz işğalçılıq siyasətini davam etdirdi. Yeni ərazilər tutmaq xəyalları qurmağa başladı. Təbii ki, bu durumda biz özümüzü müdafiə etməli idik, etdik də. BMT-nin, ATƏT-in və digər qurumların illərlə edə bilmədiyini qısa müddətdə həyata keçirdik.

Cənab Prezidentin müsahibəsində diqqəti çəkən əsas məqam onun qətiyyəti və əminli idi. Eyni halı Fransanın “Fiqaro” qəzetinə verdiyi müsahibədə də görmək olar. Həmçinin bu müsahibədə ölkə rəhbəri Azərbaycanın Avropa üçün nə qədər əhəmiyyətli bir tərəfdaş olduğunu da vurğuladı. Azərbaycandan Avropaya uzanan enerji xətlərinin də Ermənistanın hücumlarına məruz qaldığını, lakin layiqli cavab aldığını qeyd etdi.

Ermənistan höküməti çarəsiz qaldığı üçün dezinformasiya yaymaqla məşğuldur. Guya Türkiyənin münaqişəyə cəlb edildiyi və döyüşlərdə muzdlulardan istifadə edildiyi barədə yalanlar uydurur. Hər dəfə humanitar atəşkəsi pozmaqla, Ermənistan həmçinin nə qədər güvənsiz bir dövlət olduğunu sübut etmiş oldu.

Bütün bunlara baxmayaraq, xalqımız Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə hər işin öhdəsindən gələcək, qarşımıza qoyulan məqsədlərə çatacaqdır.  Xalqımızın dövlət başçısına inami tamdır.

Qarabağ Azərbaycandır!

 

İlqar Əliyev
229 nömrəli tam orta məktəbin müəllimi
Keçidlər