Şriftin ölçüsü :

Saytın rəngi :

“Laçının işğaldan azad olunması tarixi hadisədir.”

04 dekabr 2020 | 16:00

Nədir vətən?  Hardan başlayır vətən?  İnsan nə zaman xoşbəxt olur. Vətəni azad, abad, çiçəklənən, firavan, bütöv görəndə..Bəs vətəni illərlə, 10 illiklərlə işğalda olan bir xalq necə? Əlbəttə ki, yox.. Canından artıq sevdiyin torpağın 20%-dən artıq bir ərazisində mənfur, rəzil, alçaq, vəhşi düşmən tapdağı hökm sürürsə, müqəddər ziyarətgahlarımız, bəhrə verən məhsuldar torpaqlarımız, bulaqlarımız, tarixi abidələrimiz düşmən işğalında inləyirsə, biz necə xoşbəxt ola bilərdik? Bu yara necə qaysaqlayardı? Azərbaycan 30 ildir bu nisgillə, sağalmaz yara ilə yaşayırdı. Əgər ona yaşamaq demək mümkündürsə. Hər bir şeyin sonu vardır. Hər bir şeyin tükəndiyi bir nöqtə vardır. Bizim də səbrimizin, intizarımızın sonu gəldi. Və nəhayət, mənfur düşmənin torpaqlarımıza qarşı növbəti təxribatı nəticəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin verdiyi tapşırıq əsasında illərdir məhz bugün üçün hazırlaşan ordumuz əks hücum əməliyyatına keçdi.

27 sentyabr 2020-ci ildə Azərbaycanda Vətən Müharibəsi başladı. 30 ildir yolunu gözlədiyimiz Qarabağ 44 gün davam edən Vətən Müharibəsi nəticəsində öz sahibinə qayıtdı. Bu müharibənin qısa və az itki ilə sonlanmasına görə vətən müharibəsində canı və qanı bahasına səfərbər olan, etdiyi qəhrəmanlıqlarla dastan yazan Azərbaycan oğullarına borcluyuq. Bu günlərdə bütün Azərbaycan xalqı və dünya azərbaycanlılarının qəlbi eyni ümid işığı ilə döyünür və duaları eyni səmaya ucalırdı.

Beləliklə, o gecə 10 noyabr tarixində cənab Prezident İlham Əliyevin xalqa müraciəti ilə etdiyi açıqlama bütün azərbaycanlıların vətən həsrəti, vətən nisgilinə son qoydu. Torpaqlarımızın hər qarışı uğrunda neçə-neçə canların qanı vətən torpağına, ruhu isə əbədiyyətə qovuşdu. Düşmənin kapitulyasiyası ilə Laçın, Kəlbəcər, Ağdamı qan tökmədən geri almağa müvəffəq olduq və Azəbaycan Laçını  öz yurisdiksiyasına qaytardı.

Laçının alınması ilə bütün ərazilərimizin azad edilməsi başa çatdı. Bununla da xarici borc içində üzən Ermənistan böyük zərbə aldı.

Laçın rayonu Azərbaycan Respublikası BMT-yə üzv qəbul edildiyi il mayın 18-də işğal edilmişdir. Azərbaycanda səngimək bilməyən daxili, siyasi qeyri-sabitlik, hakimiyyətin səriştəsiz əllərdə olması bir tərəfdən erməni işğalçılarının cəbhədə yolunu açır, digər tərəfdən işğal faktlarını BMT-yə, dünyanın diqqətinə çatdırmaq imkanlarını məhdudlaşdırırdı.

Laçın tarixi keçmişi zəngin olan bir ərazidir. Laçın abidələri Xocavənd rayonundakı Azıx, Cəbrayıl rayonundakı Tağlar mağaraları ilə müqayisə edilə biləcək dəyərli və nadir abidələrdəndir. Səthi dağlıq olan Laçının ən hündür nöqtəsi Qızılboğaz dağı, çayları isə Həkəri və onun qollarıdır.

Tarixi şəxsiyyətlərin ana vətəni olan Laçın Sarı Aşıq, Qara Murtuza bəy, ilk müdafiə naziri Qarabağ qubernatoru Xosrov bəy Soltanov, darülmüəllimlərin ilk təşkilatçısı və müdiri Müseyib İlqarovu və digər ziyalıları yetişdirmişdir.

Laçın dəhlizi üzərində Azərbaycanın suverən hüquqları tam mənası ilə qüvvədədir və kimsəyə təslim edilməmişdir. Dəhlizdə hər iki istiqamətlə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin daşınması rəsmi Bakının təhlükəsizlik zəmanəti altındadır. Məhz həmin dəhliz qərb rayonlarımız və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat təhlükəsizliyinə verilən zəmanətə adekvatdır. Dəhliz Azərbaycan və Türkiyəni quru yolla birləşdirir ki, bu da vətən müharibəsində iki qat qələbənin nəticəsidir.

Şiş qayalarının yerləşdiyi yaylaqlardan  Qaçaq Nəbinin hənirtisi hələ də getməyən Laçınımız!  Doğma torpağımız.  Həsrətli ,nisgilli, küskün yurdumuz.  Şükür olsun ki, biz artıq bu həsrətə  son qoyub səninlə qovuşuruq. Və bunu bizə qismət edən ulu tanrıya sonsuz təşəkkürlərimiz  olsun. Əldə etdiyimiz bu qələbə  qocaman, qüdrətli qədim tarixə malik  bir xalqın dünya ölkələri və millətləri arasında möhtəşəm uğuru, əvəzolunmaz sonsuz  sevincidir. Biz çox  xoşbəxtik ki, doğma yurd  yerlərimizə  qovuşuruq. Laçın torpağının alınması  bizim üçün xüsusilə önəmlidir. Çünki Laçınla  biz bütöv Azərbaycana qovuşduq. Bütöv Qarabağa qovuşduq.  Laçın Azərbaycanın tamlığı  və  bütövlüyünün  yekun  mərhələsi  oldu.

 
Əliyeva  Şövqiyyə  Əsgər  qızı
12 № li tam orta məktəbin  müəllimi 
Keçidlər