Rayon haqqında
Dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan rayonumuz 1980-cı ilin noyabr ayında yaradılmışdır. Rayonun ərazisi 19,6 km2-dir.
Bakının qədim yaşayış məntəqələrindən sayılan Keşlə qəsəbəsi rayonun inzibati ərazi bölgüsünə daxildir. Qəsəbənin ərazisi 10,4 km2-dir. Qəsəbədə Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi fəaliyyət göstərir.
Bakı şəhəri Nizami rayon inzibati ərazi vahidi tərkibindəki Nizami rayonu ərazisinin inzibati ərazi dairəsi ilə əhatə olunmayan hissəsində Nizami Rayon İcra Hakimiyyəti başçısının 1, 2 və 3 nömrəli sahə inzibati ərazi dairələri yaradılmış və bu sahə inzibati ərazi dairələrində Rayon İcra Hakimiyyəti başçısının nümayəndəlikləri fəaliyyət göstərir.
1 nömrəli sahə inzibati ərazi dairəsinin sahəsi 2,36 km2, 2 nömrəli sahə inzibati ərazi dairəsinin sahəsi 2,44 km2, 3 nömrəli sahə inzibati ərazi dairəsinin sahəsi 4,4 km2-dir.
Rayonda yerli özünüidarəetməni Nizami və Keşlə bələdiyyələri həyata keçirir.
Nizami rayonu Nərimanov, Sabunçu, Suraxanı və Xətai rayonlarının inzibati əraziləri ilə əhatə olunur. Heydər Əliyev, Qara Qarayev və Babək prospektləri, son illərdə yeni inşa olunmuş müasir yolötürücü kompleksləri ilə yanaşı, “Koroğlu”, “Qara Qarayev”, “Neftçilər” və “Xalqlar Dostluğu” metro stansiyaları Bakı şəhərinin yol-nəqliyyat infrastrukturunda xüsusi əhəmiyyətə malikdir.
Sənayenin müxtəlif sahələrini özündə birləşdirən Nizami rayonunda Heydər Əliyev adına Bakı Neft Emalı zavodu, Elektron Hesablama Maşınları zavodu, Peyk zavodu, “Bakı Şərab-1” ASC, “Azərtunelmetrotikinti” SC-nin Dəmir-beton Konstruksiyaları zavodu, “Bakı Diyircəkli Yastıq” ASC, “European-Tobacco Baku” ASC, “Bakı Yağ-Qida Sənaye” ASC, “Veysəloğlu” MMC, “Kaspi-Yıldız” MMC kimi müəssisələr, 18 bank filialı, 3 saylı Rabitə Xidmətləri Mərkəzi, 7 rabitə şöbəsi, iri ticarət və iaşə mərkəzləri fəaliyyət göstərir.
Rayonda 22 orta ümumtəhsil məktəbi, “Zəngi” liseyi, Kimya-biologiya təmayüllü respublika liseyi, Uşaq-Gənclər və Texniki yaradıcılıq mərkəzləri, 20 uşaq bağçası, 1 uşaq evi, Kar uşaqlar üçün 2 respublika internat məktəbi, 2 peşə liseyi, 1 peşə məktəbi, 2 kollec və özəl ali təhsil ocağı olan “Xəzər” Universiteti yerləşir. Rayon ərazisində 9 xəstəxana, 13 ambulator poliklinika fəaliyyət göstərir.
6 stadion, 8 idman-sağlamlıq kompleksi, 13 №-li İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman məktəbi əhalinin, xüsusilə də gənclərin sağlam həyat tərzinin təminatına xidmət edir.
Paytaxtın ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə vaxtilə mövcud olmuş sənaye müəssisələrinin köçürülməsi nəticəsində boşaldılmış ərazilərdə yeni yaşayış massivləri, mərkəzi icra hakimiyyəti orqanlarının müasir inzibati binaları, olimpiya idman kompleksləri inşa olunur, abadlıq-quruculuq işləri aparılır. Bakı şəhərinin perspektiv inkişafı ilə bağlı həyata keçirilən irimiqyaslı və məqsədyönlü tədbirlər Nizami rayonunun da simasını dəyişir, onun abad və müasir rayon kimi daha da gözəlləşməsinə böyük imkanlar yaradır.