Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun deputatları

Könül Oruc qızı Nurullayeva

Könül Nurullayeva 1985-ci il dekabırın 1-də Bakı şəhərində anadan olmuşdur.

2003-2008-ci illərdə Azərbaycan Dillər Universiteti Avropaşünaslıq və Beynəlxalq Əlaqələr bölməsində təhsil almış, 2008-2010-cu illərdə Azərbaycan Dillər Universitetində Avropaşünaslıq və Beynəlxalq Əlaqələr üzrə magistr pilləsinə yiyələnmişdir və 2015-ci ildən etibarən Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində olan AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunda dissertantdır. 2019-cu ilin sentyabrından isə İsveçrənin Biznes Universitetində MBA proqramı üzrə təhsil alır.

Könül Nurullayeva Azərbaycanda keçirilən bir çox konfrans, seminar, idman layihələrini həyata keçirmişdir. Həmin layihələrə "MDB və Baltikyanı ölkələrin MOK liderlərinin Regional Forumu", "Avropa Ədalətli Oyunlar Hərəkatının Konqresi", "Yeniyetmələrin Olimpiya Oyunlarının atletika üzrə Avropa Təsnifat yarışı", "Bakı 2014" Avropa Atletika Konvensiyası, "Avropa Oimpiya Komitəsinin 43-cü Baş Assambleyası" və s. kimi tədbirlər daxildir. Bundan əlavə, Azərbaycan "Bakı 2020" Yay Olimpiya Oyunlarına iddaçı şəhər olduğu zaman Təşkilat Komitəsinin icraçı direktoru vəzifəsini icra etmişdir. 2009-2016-ci illərdə Azərbaycan Atletika Federasiyasının İcraiyyə Komitəsinin üzvü və həmin Federasiyada Beynəlxalq Əlaqələr İdarəsinin rəisi kimi çalışmışdır. 2009-cu ildə Finlandiyanın Tampere və 2011-ci ildə Türkiyənin Trabzon şəhərlərində keçirilən Yeniyetmələrin Avropa Olimpiya Festivalları zamanı Azərbaycan nümayəndə heyətinin rəhbərinin müavini vəzifəsini icra etmişdir. Eyni zamanda o, 2012-ci ildə London Yay Olimpiya Oyunları zamanı Azərbaycan nümayəndə heyətinin rəhbərinin müavini olmuşdur. 2010-cu ildə Vankuver Qış Olimpiya Oyunlarında və 2014-cü ildə Rusiyanın Soçi şəhərində keçirilən Qış Olimpiya Oyunlarında Missiya rəhbəri təyin olunaraq Azərbaycan nümayəndə heyətini müşahidə etmişdir. 2013-cü ildə İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin iclası zamanı Federasiyaya 1963-cü ildən etibarən seçilən ilk xanım üzv olmuşdur. 2015-ci ildə Azərbaycanda ilk dəfə keçirilən "Bakı 2015" Avropa Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri vəzifəsini icra etmişdir. 2017-ci ildə keçirilən 4-cü İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin katibi, eyni zamanda Azərbaycan İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üçün yaradılmış Əməliyyat Komitəsində İslam Həmrəyliyi İdman Federasiyası və Milli Olimpiya Komitələri ilə Əlaqələr idarəsinin müdiri olaraq çalışmışdır. 2017-ci ilin noyabırın 19-u İslam Həmrəyliyi İdman Federasiyasının 26-cı İcraiyyə Komitəsinin iclası zamanı ikinci dəfə İcraiyyə Komitəsinin üzvü seçilmişdir. 2018-ci ildə İHİF-nin nəzdində əsası qoyulan "Qadın və İdmanda Gender Bərabərliyi" komitəsinə rəhbər təyin olunmuş, İHİF tərəfindən 2021-ci ildə Türkiyyədə keçiriləcək 5 - ci İslam Həmrəyliyi Oyunları ilə əlaqədar yaradılmış Koordinasiya Şurasına üzv seçilmişdir. 2020-ci ilin aprel ayından Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü seçilmişdir. Eyni zamanda, Milli Məclisin qərarı ilə Azərbaycan-Xorvatiya parlamentlərarası işçi qrupun rəhbəri təyin olunmuşdur.

2020-ci illərdə keçirilən altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilər zamanı 24 saylı Nizami birinci seçki dairəsindən Milli Məclisin deputatı seçilib.

Evlidir. Bir övladı var.

 

Sədaqət Süleyman qızı Vəliyeva

Sədaqət Vəliyeva 1954-cü il dekabrın 23-də Naxçıvan şəhərində anadan olmuşdur.

1972-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub, 1978-ci ildə institutu bitirib.

Əmək fəaliyyətinə döş qəfəsi cərrahiyyəsi xəstəxanasında tibb bacısı işləyərək başlayıb. 1980-ci ildən isə Suraxanı 6 saylı Vərəm Xəstəxanasında həkim-ftiziatr işləməyə başlayıb.
1984-cü ildə isə 6 saylı Vərəm Xəstəxanasında baş həkimi 1985-ci ilədək əvəzləyib. 1985-ci ildən 1995-ci ilədək Suraxanı rayonu 6 saylı Vərəm Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. 1995-1996-cı illərdə Suraxanı rayon Səhiyyə şöbəsinin müdiri işləyib. 1997-2002-ci illərdə yenidən Suraxanı rayonu 6 saylı Vərəm Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. 2002-ci ildən 2006-cı ilədək Sabunçu rayon Səhiyyə şöbəsinə rəhbərlik edib.

2006-cı ildə Sabunçu rayon 4 saylı Vərəm Əleyhinə Dispanserin baş həkimi vəzifəsinə təyin edilib, hazırda bu vəzifədə çalışır. İşlədiyi illər ərzində 1990-cı ildə Suraxanı rayonu Zığ qəsəbə Sovetinin deputatı olub. Ali dərəcəli həkimdir.

1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür, 2008-ci ildən Yeni Azərbaycan Partiyası Nizami Rayon Təşkilatının sədridir. 2010-cu, 2015-ci və 2020-ci illərdə keçirilən dördüncü, beşinci və altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilər zamanı 25 saylı Nizami ikinci seçki dairəsindən Milli Məclisin deputatı seçilib.

Evlidir. Bir qızı var.


 Rasim Nəsrəddin oğlu Musabəyov

Rasim Musabəyov 1951-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1968-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Neft Akademiyası) avtomatlaşdırma fakültəsinə daxil olmuşdur. 1972-ci ildə həmin institutun komsomol komitəsinin katibi seçilmişdir. 1974-cü ildə Azərbaycan komsomolu MK-nin tələbə şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur. 1976-cı ildən 1982-ci ilə qədər Moskvada ÜLKGİ MK-nin aparatında işləmişdir. 1982-1985 illərdə Moskvada aspiranturada oxumuş və fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. 1985-1989-cu illərdə elmi-pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Moskvada Gənclər İnstitutunun (indiki Sosial-humanitar Akademiyasının) millətlərarası münasibətlər şöbəsinin müdiri olmuşdur. 1989-cu ildə Azərbaycana qayıtmışdır. Əvvəlcə Bakı Ali Partiya məktəbində sosiologiya laboratoriyasına rəhbərlik etmiş, 1990 - 1991-ci illərdə isə Kommunist partiyası Bakı Komitəsinin ideoloji şöbəsinin müdiri işləmişdir. 1991-1992-ci illərdə Azərbaycan Respublikası Prezident aparatında millətlərarası münasibətlər üzrə Müşavir işləmişdir. 1992-1993-cü illərdə Azərbaycan Respublikası Milli Məclis aparatında Müşavir işləmişdir. 1994-1999-cu illərdə Bakı Politologiya İnstitutunda dosent vəzifəsində işləmişdir.

Hazırda müstəqil analitikdir.

Azərbaycan, ABŞ, Böyük Britaniya, Kanada, İsveç, Almaniya, Rusiya, Türkiyə, Çin, Gürcüstanda və s. ölkələrdə çap olunmuş 150-dən çox kitab və elmi məqalələrin müəllifidir.

1972-ci ildə "Əmək rəşadətinə görə" medal ilə təltif olunmuşdur.
1990-1995-ci illərdə Bakı Şəhər Sovetinin deputatı olmuşdur.
1995-2005-ci illərdə "Müsavat" partiyası Ali rəhbərliyinin tərkibində olmuşdur.
2005-2008-ci illərdə Azərbaycan Mətbuat Şurasının üzvü olunmuşdur.
2006-2010-cu illərdə Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun İdarə Heyətinin üzvü olmuşdur.
2010-cu, 2015-ci və 2020-ci illərdə keçirilən dördüncü, beşinci və altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilər zamanı 18 saylı Nərimanov-Nizami seçki dairəsindən Milli Məclisin deputatı seçilib.

Evlidir, bir qızı var.

Keçidlər