Rayon haqqında
Tarixi
Ölkəmizdə gedən ümumi inkişaf və tərəqqi fonunda ən çox dəyişən, yeniləşən məkanlardan biri də Bakı şəhərinin Nizami rayonudur.
Rayon Azərbaycan Respublikası Ali Sovetinin 21 noyabr 1980-ci tarixli qərarı ilə indiki Xətai və Nərimanov rayonlarının ərazilərinin bir hissəsində yaradılmışdır və böyük mütəfəkkir şairimiz Nizami Gəncəvinin adını daşıyır.
Rayon 8-ci km və Keşlə yaşayış sahələrini əhatə edir. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli qərarı ilə Nizami rayonunun Keşlə yaşayış massivində yerləşən qəsəbə – Keşlə qəsəbəsi adlandırılmış, şəhər tipli qəsəbələr kateqoriyasına aid edilərək rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş və şəhər tipli Keşlə qəsəbəsi mərkəz olmaqla Keşlə qəsəbə Soveti yaradılmışdır (daha sonra Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik adlandırılmışdır).
Tarixi abidələrdən sayılan Şah Abbas məscidi Keşlə qəsəbəsi, Kamran Əfkari küçəsində yerləşir. Məscid XVII əsrə aid abidə hesab olunur. O, Şah Abbas tərəfindən tikdirilib. Bu məsciddən sovetlər dövründə istifadə edilməmiş və yalnız 1989-cu ildən fəaliyyəti bərpa edilmişdir.
Nizami rayonunun inkişaf salnaməsinin mühüm bir dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ötən əsrin 70-80-ci illərində rayon ərazisində yaradılmış iri sənaye müəssisələri, mühüm sosial və ictimai-iaşə obyektləri, eləcə də bir sıra təhsil və səhiyyə müəssisələri məhz ümummilli liderimizin xeyir-duası ilə fəaliyyətə başlamışdır.
Rayonda Yeni Bakı Neftayırma zavodu (daha sonra “Azərneftyanacaq” İstehsalat Birliyi, “Azərneftyanacaq” Neft Emalı Zavodu, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu adlandırılmışdır), Güzgü-furnitur zavodu, EHM zavodu, 2 №-li Bakı Ayaqqabı fabriki, Zərif-mahud kombinatı, Bakı Biskvit fabriki, 2, 4 və 7 №-li Dəmir-beton məmulatları zavodu, 1 №-li Bakı Şərab zavodu, Bakı Marqarin fabriki (daha sonra “Bakı Qida və Yağ Sənayesi” ASC), 7 №-li Diyircəkli yastıq zavodu, Bakı tütün fabriki (daha sonra “Evropean Tobacco-Baku” ASC), Bakı ət kombinatı, Kimya-əczaçılıq zavodu, Bakı Sınaq Mexaniki Təmir zavodu, Keşlə Maşınqayırma zavodu, Q.Musabəyov adına Maşınqayırma zavodu, Bakı Saxsı Qablar zavodu, Bakı Keramika məmulatları zavodu, “Azərişıq” İstehsalat Birliyi və digər sənaye müəssisələri fəaliyyət göstərmişdir.
Hazırda Nizami rayonunda Heydər Əliyev adına Bakı Neft emalı zavodu, “European Tobacco Baku” ASC, “Bakı-Şərab-1” ASC, “Veysəloğlu” MMC, “Bakımetrotikinti” SC DBK zavodu, “Körpü-tunel” ASC və s. iri sənaye müəssisələri fəaliyyət göstərir.
Azərbaycanda ilk dəfə Heydər bağı park-bulvarı 1997-ci ildə Nizami rayonunun Naxçıvanski küçəsindəki ərazidə salınmışdır.